İki yaralı Şimali Koreya əsgəri Rusiyanın Kursk vilayətində Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
O bildirib ki, iki nəfərə lazımi tibbi yardım göstərilib və onlar Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) nəzarətindədirlər.
“Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakına dair bütün sübutları silmək üçün adətən yaralı Şimali Koreya hərbçiləri qarşı tərəfdə edam olunur”, - deyə Zelenski bildirib.
Ukrayna Prezidenti əsirlərin fotolarını da dərc edib.
Ölkənin kəşfiyyat xidməti bildirib ki, koreyalılar əsir götürülərkən hərbçilərdən birində Tuva Respublikasında qeydiyyatda olan Rusiya vətəndaşının hərbi bileti olub. Digərində isə ümumiyyətlə heç bir sənəd olmayıb.