Uşaqların ən zəif duyğu orqanları gözləridir. Yeni doğulan bir uşağın gözünün böyüklüyü böyük bir adamın gözünün böyüklüyünün təqribən dörddə üçü qədərdir. Digər tərəfdən, yeni doğulan bir uşağın gözündəki göz bəbəyi də böyüklərlə müqayisədə kiçikdir. Üstəlik, onların gözləri işığa qarşı da həssas deyil.
Bu məsələ ilə bağlı başqa bir fakt isə yeni doğulan uşaqların rənglərdən çox formalara “maraq göstərmələridir”. Həmçinin, onlar işığa işığın gücündən asılı olaraq reaksiya verirlər.
Yeni doğulan uşaqların gözlərinin rəngi də orta hesabla eyni olur. Belə ki, onların gözlərinin ağ hissəsi də, rəngli hissəsi də göyümtül rəngə çalır. Ancaq vaxt keçdikcə bu rəng tədricən öz həqiqi rənginə çevrilir.
Uşaqların görmə qabiliyyətləri də başqa duyğu orqanları ilə müqayisədə daha yavaş inkişaf edir. Belə ki, doğumdan sonra uşaqlar bulanıq, 6-cı həftədən sonra isə nisbətən aydın görürlər. Uşaqla ananın gözləri arasındakı məsafə isə uşağın bir obyektə ən yaxşı kökləndiyi məsafədir. Buna görə də, uşaqlar süd əmərkən gözlərini analarının gözlərinə çox asanlıqla kökləyə bilirlər.
Digər tərəfdən, gözlə olan bu ünsiyyəti uşaqla ana arasındakı ilk ünsiyyət forması da saymaq olar.
Yeni doğulan uşaqlar ilk günlər öz gözləri ilə ancaq yavaş hərəkət edən cisimləri müşayiət edə bilirlər. Ancaq bu çox qısa bir müddət davam edir və uşaqlar iki aylarına çatanda normal hərəkət edən cisimləri də müşayiət edə bilirlər. 3 aylıq olanda isə onlar artıq rəngləri də ayırd etməkdə çətinlik çəkmirlər.
Gördüklərini başa düşən uşaqlar isə buna gülərək reaksiya verməyə çalışırlar. Bir sözlə, uşaqlar 6-cı ayda artıq ətraflarındakı cisimləri və hərəkətləri yaxından görə bilirlər. Böyüklər kimi aydın görmək isə uşaqlarda ancaq 4–5 yaşlarından sonra baş verir. Buna səbəb isə uşaqlar böyüdükcə gözlərinin də böyüməsi, həmçinin dəyişikliyə məruz qalmasıdır.
Murad Məmmədov