Kaliforniyada davam edən yanğınlar səbəbilə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər həyata keçirir.
Yeniavaz.com xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, yanvarın 7-dən Los-Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna məxsus sosial media hesablarında xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi yerləşdirilib:
“Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb”.