Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tikintisi davam edən Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsindəki dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpü ilə bağlı məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, ilkin mərhələdə mövcud kommunikasiya xətlərinin köçürülməsi, köhnə körpünün sökülərək ərazinin təmizlənməsi, tikinti sahəsinin hazırlanması işlərinin yerinə yetirildiyi bildirilir.
“Belə ki, körpünün Samur-Abşeron su kanalı tərəfində olan hissəsi tam olaraq sökülüb, dəmir yolu üzərində keçən hissə üzrə körpünün üst qatı götürülüb, hazırda dayaqların söküntüsü işləri həyata keçirilir”, - məlumatda deyilir.
Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib və ötən ay söküntü işlərinə başlanılıb.