Türkiyə silahlı qüvvələri Suriyada Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar hazırlıq vəziyyətinə gətirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Türkiye” qəzeti hərbi mənbələrə istinadla məlumat yayıb.
“Suriyanın yeni administrasiyasından terror təşkilatına qarşı lazımi tədbirlərin görülməsini tələb edən Ankara istənilən ssenariyə hazırlığını davam etdirir. Sərhəddəki qoşunlar mümkün əməliyyat üçün döyüş hazırlığındadır”, - deyə məlumatda bildirilib.
Həmçinin, nəşr Ankaranın bütün mümkün ssenarilərə hazır olduğunu və hərbi əməliyyatın da onlardan biri olduğunu qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Suriyadakı PKK yaraqlılarına ultimatum verdiyini bildirmiş və çağırışlara məhəl qoyulmadığı təqdirdə, hərbi əməliyyatın zəruri olacağını qeyd etmişdi.