Sosial şəbəkələrdə əməliyyat zamanı həkimin ad günü qeyd etməsinin əks olunduğu görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, kadrların Bakıda yerləşən “German Hospital”da çəkildiyi bildirilir.
Sözügedən həkim isə xəstəxananın cərrahı, mama-ginekoloq Ləman Əliyevadır. O, görüntülərlə bağlı Modern.az-a danışıb və bildirib ki, həmin şəxslər otağa daxil olarkən xəstənin tikişləri qoyulmuşdu:
“Doğum günümdə əməliyyat sona çatanda özümün də xəbərim olmadan tibb bacıları mənə sürpriz etmək istəyiblər. Orada da artıq əməliyyat sona çatmışdı, xəstənin tikişləri qoyulmuşdu. Tibb bacıları da sanitar geyimdə idilər”.
Səhiyyə Nazirliyi əməliyyat zamanı cərrahın ad gününün qeyd edilməsinə münasibət bildirib.
Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumata görə, faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib.
Açıqlamada qeyd olunub ki, yoxlamanın nəticəsi barədə ətraflı məlumat veriləcək.