“Cənubi Afrika polisi demokratik Cənubi Afrikanın ilk prezidenti Nelson Mandelanın nəvəsini avtomobil oğurluğunda əli olmaqda şübhəli bilinərək həbs edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli EWN radiostansiyası məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, Mandelanın nəvəsi də daxil olmaqla 5 nəfər saxlanılıb. Avtomobil Yohannesburqda Mandelaya məxsus malikanənin ərazisində aşkar edilib.
Yohannesburq polisinin sözçüsü Xolani Phila Mandelanın malikanəsində beş nəfərin həbs olunduğunu təsdiqləyib.
“Mülkə daxil olan polis əməkdaşları oğurlanmış avtomobilin yerini müəyyən edib və şübhəli şəxsləri saxlayıblar. Onların hamısı həbsdədir və oğurluqda ittiham olunacaqlar”, - məlumatda deyilib.
Qeyd edilib ki, yaşayış məntəqəsinə baxış zamanı dövlət qeydiyyatı olmayan odlu silah da aşkar edilib.
Xatırladaq ki, Nelson Mandela 1994-cü ildə aparteid sisteminin dağılmasından sonra Cənubi Afrika Respublikasının prezidenti seçilib. O, bu vəzifəni 1999-cu ilin yayına qədər tutub. Mandela 2013-cü ildə 95 yaşında vəfat edib.