Ukrayna Prezidenti Volodimir Zelenski ikinci dəfə prezidentliyə namizəd olmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın “Teleqraf” nəşri dövlət başçısına yaxın mənbələrə istinadən məlumat yayıb.
“52% etimad səviyyəsi ilə onun hələ də prezident seçkilərində qalib gəlmək şansı var”, - nəşr yazıb.
“Teleqraf” Zelenskinin əsas rəqibini Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı adlandırır. Nəşr qeyd edir ki, onu vaxtaşırı ukraynalılar arasında etibar reytinqinin lideri adlandırırlar.
Nəşr xəbər verir ki, Zalujnı hələ siyasi gələcəyi ilə bağlı yekun qərar verməyib. İddia olunur ki, Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Ermak Zalujnıya deyib ki, namizədliyi irəli sürülməsə və Zelenskinin tərəfində seçkilərdə iştirak etsə, keçmiş baş komandan “Xalqın qulluqçusu” partiyasının siyahısında birinci yeri və Ali Radada spiker vəzifəsini tuta biləcək.
Həmçinin qeyd edilib ki, guya Zalujnı prezidentliyə namizəd olmaq qərarına gələrsə, onu cinayət işi ilə hədələyirlər. Nəşr yazır ki, araşdırmalardan biri “2022-ci ildə Xersonu kimin təslim etməsidir”.