Zeytun, pendir, yumurta, quru və təzə meyvələr, ya da quru və təzə tərəvəzlər... Yəqin, sizə də bilirsiniz ki, bu qidaların hər birinin sağlamlığımız üçün ayrı bir əhəmiyyəti, ayrı bir faydası var. Ancaq bu qidaların nə qədər əhəmiyyətli olması və ya nə qədər faydalı olması, ilk növbədə, bu qidaları nə vaxt yeməkdən də çox asılıdır. Ona görə də, qidalanmada nəyi nə vaxt yemək çox vacibdir. Çünki, necə deyərlər, vaxtında yeyilməyən qidalar bəzən mədədə müxtəlif problemlərə, bəzən yuxusuzluğa, bəzən də artıq çəkiyə səbəb olur. Unutmayın ki, biz nə qədər oyağıqsa, maddələr mübadiləsi də o qədər oyaq olur. Hətta bu "oyaqlıq" saatdan-saata dəyişir. Məsələn, səhərlər qəbul etdiyimiz qidalar çox asanlıqla həzm olunduğu halda, axşamlar qəbul etdiyimiz qidalar çox çətinliklə həzm olunur. Nəticədə həzm olunmayan qidalar orqanizmdə yağa çevrilir. Çünki axşam yemək vaxtı deyil, yatmaq vaxtıdır. Təbii ki, orqanizm də özünü buna görə hazırlayır. Həzm sistemi yavaşlayır, metabolizm sistemi zəifləyir və s. Ona görə də səhər, günorta və axşam qəbul etdiyimiz qidalar bir-birindən fərqli olmalıdır. Bir də diqqət etməli olduğumuz başqa bir məsələ bütün bu qidaları eyni gündə qəbul etməməkdir. İndi isə saat-saat, dəqiqə-dəqiqə... nəyi, nə vaxt yeməli?..
Saatlar və qidalar?..
Saat - 08.00
- Pendir
Səhər yeməyində mütləq yeyilməlidir. Əgər mümkünsə, az yağlı və az duzlu pendirlərə üstünlük verilməlidir. Digər tərəfdən, pendir qida dəyərinə görə, süd qrupuna yox, ət qrupuna daxil olduğu üçün protein dəyəri də yüksəkdir. Buna görə də, pendiri hər yeməkdə ət yerinə də yemək olar. Əgər yağı və duzu normaldırsa, artıq çəkiyə qarşı da çox faydalıdır.
- Ərik qurusu və əncir qurusu
Yaxşısı budur ki, yuxudan durar-durmaz istifadə edəsiniz. Çünki əncir və ərik səhər orqanizmdə maddələr mübadiləsini hərəkətə gətirməkdə və həzm sistemini işə salmaqda əvəzsiz nemətlərdir. Ancaq axşam yeməkdən sonra yesəniz, mədədə doluluğa və həzmsizliyə səbəb ola bilər.
- Yumurta
Yumurta ən keyfiyyətli proteindir. Səhər yeməyində mütləq yemək məsləhətdir. Səhər yeyilən yumurta gün ərzində həm metabolizm sistemi üçün, həm də immunitet sistemi üçün idealdır.
- Zeytun
Zeytun protein və mineral baxımından olduqca zəngindir. Həmçinin, günə zeytunla başlamaq, günə enerji ilə başlamaq deməkdir. Digər faydaları ilə yanaşı, zeytun (istər yağı, istərsə də meyvəsi) həzm prosesində də mühüm rol oynayır. Digər tərəfdən, zeytun orqanizmdə yaşlanma prosesini də ləngidir.
- Zeytun yağı
Hər səhər yuxudan durar-durmaz acqarına 1 yemək qaşığı zeytun yağı içmək bütün həzm sistemini gücləndirir. Zeytun yağı, xüsusilə də dəri üçün çox əhəmiyyətlidir.
Saat - 11.30
- Badam
Bu saat iştahanın artmağa başladığı saatdır. Badam həm iştahanı azaldır, həm də kaliumla zəngin olduğu üçün maddələr mübadiləsini tənzimləyir.
Saat - 13.00-14.00
- Ət
Ət orqanizm üçün həm çox tələb edilən, həm də çox çətin həzm olunan bir qidadır. Ona görə də, bu qidanı axşam yox, günorta yemək məsləhətdir. Günorta saatlarında yeyilən ət həm metabolizm sistemi üçün, həm də immunitet sistemi üçün faydalıdır.
- Qatıq və ya ayran
Məlum olduğu kimi, kalsium orqanizmin artıq yağlardan "azad edilməsinə" kömək edən ən mühüm minerallardandır. Qatıq və ya ayran da kalsiumla zəngindir. Ona görə də, hər günorta yeməyində qatıq və ya ayran qəbul etmək məsləhətdir.
- Ədviyyatlar
Ədviyyatlar həm çox faydalı, həm də çox ləzzətli olduqları üçün iştahanı artırırlar. Ona görə də, ədviyyatları günorta yeməyində (həm də qatıq olan yerdə) yemək olar.
Saat - 15.00
- Meyvə
Meyvəni ayrılıqda yedikdə iştahanı artırır, şəkəri yüksəldir. Ona görə də, yemək aralarında süd və ya ayranla yemək məsləhətdir.
Saat - 16.00
- Meyvə şirəsi
Bu saatda mədə şirə ifraz etməyə başlayır. Ona görə də, bu saatda meyvə şirəsi qəbul edə bilərsiniz.
Saat - 17.00
- Süd
Kalsiumla zəngin olan südü yemək aralarında içə bilərsiniz. Ancaq südü səhər saatlarında içsəniz, mədədə həm doluluğa, həm də həzmsizliyə səbəb ola bilər. Əgər axşam yeməyini gec yeyəcəksinizsə, iki saat əvvəl süd içsəniz, çox faydalı olar.
Saat - 18.00-19.00
- Paxlalı bitkilər
Mərci, noxud, lobya və s. kimi paxlalı bitkiləri axşam yeməyində zeytun yağı ilə yesəniz, çox yaxşı olar. Ancaq səhər və günorta yesəniz, iştaha artımına səbəb ola bilər.
- Tərəvəzlər
Tərəvəzlər (xüsusilə də, yaşıl yarpaqlı tərəvəzlər) ya səhər, ya da axşam yeyilməlidir. Günorta da yeyilə bilər. Ancaq günorta yeməyində mədənizi yaşıl yarpaqlı tərəvəzlərlə doyurmağa çalışsanız, həm ac qalmanıza, həm də .... səbəb ola bilərsiniz.
- Salatlar
Salatları həzmi asanlaşdırdığı üçün həm günorta, həm də axşam yemək məsləhətdir. Məsələn, günorta yumurtalı və ya pendirli, axşam isə ətli və ya pendirli salatlardan istifadə edə bilərsiniz.
Saat - 20.00
- Qoz
Qoz "Omeqa-3" yağları ilə zəngindir. Axşam yeymək çox faydalıdır. Gün ərzində digər qidalarla, xüsusilə də süd və süd məhsulları ilə yemək məsləhət deyil.
Saat - 21.30
- Meyvə
Bu saatda yeyilən meyvə həm həzm sistemini, həm də metabolizm sistemini qoruyur.