Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Natiq Qasımovun doğum günüdür.
Yeniavaz.com xəbər verir ki, Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə gedib.
1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşüb. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Gülləsi bitdikdən sonra əsir düşən Natiq ermənilər tərəfindən öldürülür.
Azərbaycan Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.