Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin “qara qutular”ının açılmasında iştirak etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycandan mütəxəssislər Braziliyaya gələcək.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin hərbi hava qüvvələri məlumat yayıb.
“Qazaxıstanın Təyyarə Qəzalarının Araşdırılması Departamentinin sorğusuna cavab olaraq bildiririk ki, Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13-cü Əlavəsinə uyğun olaraq, Departamnetin üç nümayəndəsi, həmçinin Azərbaycan və Rusiyadan dəvət olunmuş mütəxəssislər məlumatların şifrəsinin açılması prosesini izləyəcək”, - məlumatda deyilir.
Qeyd olunub ki, “qara qutular” Braziliyaya dekabrın 31-də çatacaq:
“İşlər tamamlandıqdan sonra çıxarılan məlumatlar beynəlxalq qəza araşdırması protokollarına uyğun olaraq bu hadisənin araşdırılmasına cavabdeh olan Qazaxıstanın Təyyarə Qəzalarının Araşdırılması Departamentinə veriləcək”.
Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.