Türkiyədə 8 yaşlı Narin Güranın qətli ilə bağlı iş üzrə hökm oxunub.
Yeniavaz.com xəbər verir ki, məhkəmə qərarına görə, “mütəşəkkil şəklində qəsdən uşaq öldürmə” ittihamı ilə saxlanılan müttəhimlər, Narinin anası Yüksel, qardaşı Enes və əmisi Səlim Güran Türk Cəza Məcəlləsinin 37/1, 82/1-d,e, 53/1 və 63-cü maddələrinə əsasən ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.
Cinayət üzrə başqa bir şübhəli Nevzat Bəxtiyar “cinayət sübutlarını məhv etmək, gizlətmək və ya dəyişdirmək” maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, avqustun 21-də Diyarbakırın mərkəzi Bağlar rayonunun Tavşantəpə məhəlləsində itən Narin Güranın cansız cəsədi sentyabrın 8-də İleritutmaz dərəsində tapılıb. Hadisə qardaş ölkənin əsas gündəm mövzularından birinə çevrilmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın istintaqın ciddi şəkildə davam etməsi və hadisənin tam aydınlaşdırılması üçün məsələni yaxından izlədiyi bildirilib.