Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ Prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə amerikalı konqresmen Co Uilson “X” sosial şəbəkə hesabında məlumat verib.
O, Zurabişvilini Gürcüstanda yeganə legitim lider adlandırıb.
“Mən onun Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili və onun Çin Kommunist Partiyası və İran rejimindəki müttəfiqlərinin hücumları qarşısında göstərdiyi cəsarətə heyranam”, - Uilson sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də Vaşinqtonda keçiriləcək. Salome Zurabişvilinin prezident səlahiyyətləri isə dekabrın 29-da, Mixeil Kavelaşvilinin andiçmə mərasimindən sonra başa çatacaq.
Zurabişvili bəyan edir ki, oktyabrın 26-da keçirilən parlament seçkilərinin və müvafiq olaraq dekabrın 14-də Kavelaşvilinin seçkilər kollegiyası tərəfindən seçkilərinin nəticələrini tanımadığından ölkə prezidenti olaraq qalmaqda davam edəcək. Müxalifət Zurabişvilini müdafiə etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Müxalifət partiyaları və Zurabişvili növbədənkənar parlament seçkilərinin təyin edilməsini tələb edir və mövcud hakimiyyəti qeyri-legitim hesab edirlər.