Rusiya tərəfi təqsiri gəminin kapitanında görür – “Rosaviasiya”dan qəribə açıqlama


Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov Qazaxıstanda baş verən təyyarə qəzasından əvvəl baş verən hadisələrin təfərrüatlarını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Kommersant” nəşrinə danışıb.
Dmitri Yadrov bildirib ki, təyyarənin gəlişi zamanı Qroznı yaxınlığında vəziyyət çətin olub:
“Ukrayna pilotsuz təyyarələrinin hücumları səbəbindən “Xalça” planı (hərbi və xilasedici təyyarələr istisna olmaqla, havada olan bütün təyyarələrin dərhal enməsi və ya elan olunan ərazidən çıxarılması tələbi – red.) tətbiq edilib, üstəlik, hava limanında sıx duman olub. Kapitan təyyarəni endirmək üçün iki uğursuz cəhd edib. Ona başqa hava limanları təklif olundu, lakin özü Aktauya getməyə qərar verdi”.
O deyib ki, Rusiya AZAL-ın təyyarə qəzasının araşdırılmasında Qazaxıstan və Azərbaycana hərtərəfli dəstək verəcək:
“Birgə araşdırılmalı olan bir çox müxtəlif hallar var”.
Qeyd edək ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dünyanın aparıcı media orqanları Azərbaycan hökumətindəki mənbəyə istinadla təyyarənin hava hücumundan müdafiə sistemlərinin açdığı raket atəşi nəticəsində zədələndiyini açıqlayıblar.
Bildirilib ki, AZAL-a məxsus təyyarə Çeçenistan ərazisi üzərindən uçduğu zaman hava hücumundan müdafiə qüvvələri aktiv şəkildə Ukrayna PUA-larını vurmağa çalışırmış. Bu məlumatı Çeçenistan Təhlükəsizlik Şurasının rəhbəri, Ramzan Kadırovun qardaşı oğlu Xamzat Kadırov da təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top