İnsan kainatın ən zəif və ən müdrik varlığıdır. Çünki Rəbbin mərhəməti onu qoruyur və gücləndirir.
Hər nəfəs, hər göz qırpımı, hər yeni gün — lütfün bir təzahürüdür.
Rəbbin lütfü çox vaxt səssiz, lakin qüdrətli bir axın kimi bizi ehtiva edir. Biz isə onu itirmək təhlükəsi ilə üz-üzə qalanda tam mənası ilə idrak edirik. Çünki lütf yalnız gözlə görünən nemətlərdən ibarət deyil; bəzən göz yaşlarında gizlənən hikmət, bəzən dualarda səslənən yalvarış, bəzən də səbrlə qazanılan qələbə olur.
Lütfün ən böyük nişanəsi iman və ümiddir. Cahandakı çətinliklərə, izdirablara baxmayaraq, hər şeyin bir hikmətlə baş verdiyini bilmək və qədər cizgisində olduğunu anlamaq Rəbbin lütfünə inanmaqdır. İman bizi qorxulardan və əndişələrdən azad edər. Hər şeyi bizə təmənnasız verən Rəbbə bağlayar.
Bu zaman zəif qəlbin incə səsini eşidərik, fəqiri dost görüb əlini tutarıq. Möhtac olanların dərdinə dərman olarıq. Onda bilərik ki, Allah bizə ehtiyac duyduğumuzdan daha artığını verir.
Yalnız bu yolla, biz də lütf sahibi bir bəndə ola bilərik.
Bəli, yer üzündə dolaşan iblis də var. Onun əlaltıları insanın səadətini və xoşbəxtliyini pozmağa çalışar. Bu savaş qiyamətə qədər davam edər. Bu savaşı qazanmaq üçün möcüzələri gözləməyə ehtiyac yoxdur. Gözəl qul olmaq lazımdır ki, dünya köləliyinə məhkum olunmasın.
Allah xalqımızı hər cür bəla və müsibətlərdən qorusun!
İlahiyyatçı Ağa Hacıbəyli