“Ümid edirəm ki, Zurabişvilini iqamətgahından məcburi çıxarmalı olmayacağıq”


“Salome Zurabişviliyə və başqalarına xəbərdarlıq etmək bizim borcumuzdur. Bu, bizim haqqımız deyil, borcumuzdur. İstənilən hakimiyyət repressiyaya deyil, cinayətin qarşısının alınmasına yönəlməlidir. Bu işdə bizim vəzifəmiz cinayətin qarşısını almaqdır, ona görə də təbii ki, Salome Zurabişviliyə xəbərdarlıq etməliyik. Əgər biz onu məcburi iqamətgahdan çıxarıb islah müəssisəsinə köçürsək, çox pis mənzərə olar. Ümid edirəm ki, belə bir hal yaşanmayacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Zurabişvilini prezident iqamətgahında qanunsuz qalmaq cəhdinə görə saxlamalı olsalar, xüsusi heç nə baş verməyəcək, ölkə alt-üst olmayacaq.
Qeyd edək ki, Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da yeni prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimindən sonra başa çatır. Zurabişvili bəyan edir ki, oktyabrın 26-da keçirilən parlament seçkilərinin və müvafiq olaraq dekabrın 14-də Kavelaşvilinin seçkilər kollegiyası tərəfindən seçkilərinin nəticələrini tanımadığından ölkə prezidenti olaraq qalmaqda davam edəcək. Müxalifət Zurabişvilini müdafiə etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Müxalifət partiyaları və Zurabişvili növbədənkənar parlament seçkilərinin təyin edilməsini tələb edir və mövcud hakimiyyəti qeyri-legitim hesab edirlər.

DİGƏR XƏBƏRLƏR

Top