“Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun mandatı aktuallığını itirib, Ermənistan və Azərbaycan birgə bu strukturun ləğvinə təşəbbüs göstərə bilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova brifinqdə bildirib.
“ATƏT-in Qarabağ üzrə Minsk qrupunun mandatı aktuallığını itirib. Deməli, bütün müvafiq strukturlar - Minsk Qrupunun özü, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ nizamlanması üzrə şəxsi nümayəndəsi vəzifəsi ləğv edilməlidir. Hesab edirik ki, bununla bağlı müvafiq qərarın qəbul edilməsinin optimal yolu Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə təklifidir”, - Zaxarova deyib.
Diplomatik departamentin rəsmi nümayəndəsi diqqəti ona çəkib ki, hər şey Qərbin sözügedən formatın işinə mane olması ilə başlayıb.