“Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi


Məlum olduğu kimi, bu gün Bakı-Qroznı (Rusiya) reysi üzrə uçuş həyata keçirən AZAL-a məxsus “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu qəzadan sonra dünya mətbuatında və sosial şəbəkələrdə ən çox Braziliya istehsalı olan bu təyyarələr müzakirə olunub.
Məlumat üçün bildirək ki, 1969-cu ildən istehsal olunan “Embraer” təyyarələrinin tarixində ilk qəza  2010-cu ilin avqustunda Çində baş verib. Daxili reyslə uçan Henan Hava Yollarına məxsus “Embraer ERJ-190” təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq qəzaya düşüb və həmin qəzada 44 nəfər həyatını itirib.
29 noyabr 2013-cü ildə “Embraer E190” təyyarəsi Namibiyadakı Bvabvata Milli Parkında qəzaya uğrayıb. Qəza nəticəsində 27 sərnişin və 6 ekipaj üzvünün hamısı həlak olub.
31 iyul 2018- ci ildə “Embraer ERJ 190AR” təyyarəsi Victoria de Duranqo-Mexiko marşrutu üzrə uçan zaman havaya qalxdıqdan 6 saniyə sonra onun sol qanadı hava limanının uçuş-enmə zolağına düşüb. Daha sonra təyyarə yerlə 380 metr sürüşərək yanıb. Təyyarədə olan 103 nəfərin hamısı (98 sərnişin və 5 ekipaj üzvü) sağ qalıb, onlardan 39-u yaralanıb.
11 noyabr 2018-ci ildə “Air Astana” aviaşirkətinə məxsus “Embraer ERJ 190” sərnişin təyyarəsi Lissabon (Portuqaliya) şəhərindən havaya qalxdıqdan 6 dəqiqə sonra pilotlar idarəetmədə ciddi problemlərlə üzləşiblər. Havaya qalxdıqdan 1 saat 30 dəqiqə sonra təyyarə eyni şəhərdəki Beja aviabazasına uğurlu təcili eniş edib. Təyyarədə olan 6 nəfərdən yalnız 1-i yaralanıb.
Onu da bildirək ki, “Embraer 190”dan başqa, digər “Embraer” tipli təyyarələr də qəza xəbərləri ilə gündəmə gəlib.
14 yanvar 2002-ci ildə İspaniyada “Embraer 120RT” təyyarəsi qəzaya uğrayıb və 3 nəfər ölüb.
30 avqust 2002-ci ildə “Embraer 120” Braziliyada qəzaya uğrayıb. Göyərtəsində 31 nəfərin olduğu təyyarədə 21 nəfər həlak olub.
7 fevral 2009-cu ildə “Embraer 120ER”in Braziliyada qəzaya uğraması nəticəsində göyərtəsində olan 28 nəfərdən 24-ü həlak olub.
22 mart 2010-cu ildə Avstraliyada “Embraer 120ER” təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
25 avqust 2010-cu ildə “Embraer 145LU” Braziliyada qəzaya uğrayıb. Bu qəza zamanı ölən və yaralanan olmayıb.
12 oktyabr 2017-ci ildə Anqolada “Embraer 120ER” təyyarəsi qəzaya uğrayıb və 7 nəfər həyatını itirib.
4 mart 2019-cu il tarixində “Embraer 145XR” ABŞ-də qəzaya uğrayıb və təyyarədə olan 31 nəfər ölümdən çətinliklə xilas olub.
11 iyul 2023-cü ildə “Embraer 120” təyyarəsi Somalinin Moqadişu şəhərində qəzaya uğrayıb. Təyyarədəki 34 nəfərdən heç biri ölməyib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top