Xəbər verdiyimiz kimi, bu gün Bakı-Qroznı (Rusiya) reysi üzrə uçuş həyata keçirən AZAL-a məxsus təyyarə Aktau (Qaqzaxıstan) şəhəri yaxınlığında qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, açıqlanan son məlumatlara görə, təyyarədə olan 67 sərnişindən 32 nəfəri sağ qalıb.
Məlumat üçün bildirək ki, 19 il əvvəl – 2005-ci ilin dekabr ayının 23-də “Azərbaycan Hava Yolları”na məxsus “Antonov An-140” təyyarəsi Aktau şəhərinə uçan zaman texniki nasazlıq səbəbindən Xəzər dənizinə düşüb. Təyyarədə olan 18 sərnişin və 5 ekipaj üzvü həlak olub.
Onu da qeyd edək ki, “Azərbaycan Hava Yolları”nın tarixində ən dəhşətli qəza 5 dekabr 1995-ci ildə olub. AZAL-a məxsus Naxçıvan-Bakı reysi ilə hərəkət edən “TU-134” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb. Pilot təyyarəni şumlanmış sahəyə endirməyə qərar verib. Yüksəkgərginlikli elektrik xəttinə toxunan təyyarə alışıb və təyyarədə olan 82 nəfərdən 52-si həlak olub.
15 may 1997-ci ildə AZAL-a məxsus “Yak 40” təyyarəsində Gəncə yaxınlığında təlim keçən gənc pilotlar 4-cü dairəni tamamlayarkən təyyarə böyük bucaq altında şığıyaraq yerə çırpılıb və təyyarədəki 6 nəfərin hamısı həlak olub. Sonradan araşdırma zamanı təyyarənin oksigen balonunda güllə izi aşkar edilib. Məlum olub ki, kimsə alçaqdan uçan təyyarəyə atəş açıb. Həmin gün aeroport yaxınlığındakı poliqonda Azərbaycan ordusu təlim keçib.
12 oktyabr 2007-ci ildə “AZAL Helicopter”ə məxsus “Mi 8T” vertolyotu xəstə neftçini təxliyə etmək üçün Zabratdan qalxaraq “Xəzər 4” platformasına gəlib. Xəstəni götürən vertolyot platformadan 12 metr aralıda naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə yeri sahildən 20 km aralıda olub. Vertolyotun qalıqları 12 metr dərinlikdə aşkar edilib. Qəzada 4 ekipaj üzvü və 2 pilot həlak olub.
12 iyul 2009-ci ildə “AZAL Helicopter”ə məxsus “Mi 8T” vertolyotu qazma qurğusunun kranına toxunaraq dənizə düşüb, vertolyotdakı 6 nəfərdən 2-si həlak olub. Vertolyotun qalıqları 90 metr dərinlikdə aşkar edilib.
12 avqust 2010-cu ildə İstanbulun Atatürk hava limanında AZAL-ın A319 təyyarəsi enmə zamanı uçuş-enmə zolağından kənara çıxıb. Təyyarə yerə endikdən sonra zolaqdan çıxaraq kənardakı torpaq sahəyə girib. Nəticədə təyyarənin burnu sağ tərəfdən qırılıb. Sərnişinlər arasında xəsarət alan olmayıb.
Murad Məmmədov