“Düz 5 saat şəhərdə yanıq mərkəzi axtardıq”


"Düşmən qapısına aparar övlad insanı" - həqiqətdir. Bir neçə gün öncə Mədinənin üzərinə qaynar yemək dağıldı. Biz paltarını soyundurana qədər üzündə, boynunda ciddi yanıqlar yarandı. Çarəsizcə özünü yerə çırparkən, biz ona sadəcə "Gedirik, bu dəqiqə səni xəstəxanaya çatdıracağıq" deyə ümidlər verməyə başladıq.
Bu ölkədə əlini atdığın qapının ilk dəfədən açılmadığını az-çox təcrübə etməyimizə rəğmən bizim də bədənimizdəki yanğın bir ümidlə küllənmişdi bu səfər. Axı bu yanıqdır. Təcilidir. Axı bu candır. Masazırdan 1 saylı Kliniki Tibbi Mərkəz arasındakı məsafə heç bu qədər uzun gəlməmişdi. Saat 18:00 olardı. Bu saatda tıxacın Bakı-Sumqayıt yolunda necə olduğunu hamı bilir.
Mədinənin yanığı məni dondurmuşdu. Biz xəstəxanaya çatana qədər atası işdən birbaşa xəstəxanaya çatdırdı özünü. "Biz yanıq qəbul etmirik, yanıq şöbəsi 5 nömrəli xəstəxanadadır. O da səhv etmirəmsə 6 nömrəli xəstəxanaya köçürülüb", dedilər.
Əsl faciə buradan sonra başladı bizim üçün. Vicdanları tüstüləyən yanğın mərkəzlərinin heç biri əlçatan deyildi. Övladımızı qucağımıza alıb təkrar maşına əyləşdik. Getdik 6 nömrəli xəstəxanaya. Dayanın, bu normal bir yazı deyil, oxuyun sona qədər. Mən burada sadəcə öz övladımın acısından bəhs etmirəm. Mən burada Bakı şəhərində yanan tək uşaq Mədinə olmadığından və getdikləri qapıların necə açılmadığından bəhs edirəm sizə.
İtirəcək vaxt yox idi. Açıq yara, soyuq hava, tıxaclı Bakı yolları və 6 nömrəli xəstəxana ümidi ilə davam edən biz...
Yolda qəza səbəbilə itirdiyimiz uzun zamandan sonra polis əməkdaşlarına vəziyyəti bildirdik. Mümkünsüz bir şəraitdən bizə yol açdılar, çıxdıq və bəli, 6 nömrəli xəstəxanaya çatdıq. Amma harayımız kimsəyə çatmadı. Qucağımızdakı uşağa baxmadılar belə. Yanıq şöbəsi ordan da köçürülmüşdü, çünki.
Yenə də sürməli idik maşını. Dedilər, şəhərdə heç bir xəstəxanada yanıq mərkəzi yoxdur. Hamısını Buzovnaya köçürüblər. Buzovna isə olduğumuz yerdən, tıxac olmadığı halda, 1 saat uzaqlıqda. Bunu bilən bilir.
Nəhayət, Buzovnada yerləşən Bakı şəhəri, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına çatdıq. Amma ətrafda xəstəxana deyə bir şey yox idi. Kimsəsiz bir yerdə dönüb-dolaşıb hər dəfə eyni yerə çıxardı xəritə bizi. Nə bir işarə, nə bir yol, nə bir qapı, nə də bir işıq var.
Birtəhər bir qapı tapdıq. Amma keçmişdə heyvanları tövləyə salandan sonra arxasına ağac keçirirdilər ki, açılmasın. O vaxtlar kənd yerində imkan olmurdu ki, ona kilid vursunlar. Ona görə ağac keçirirdilər. Heç mübaliğə etmirəm, sanki bir məzarlıqda idik. Amma insanların deyil, insanlığın dəfn olunduğu bir məzarlıqda.
Nəhayət, oradan bir insan tapıb giriş qapısının yerini öyrəndik. Qəlbləri qədər qaranlıq bir yerdən xəstəxanaya daxil olduq. Əmin edirəm sizi ki, Xəstəxananın adı qapısından daha böyük idi. Ayaqyolu qapısını xatırladan "Yanığ şöbəsi"nin (bəli, elə bu şəkildə də yazılmışdı) qapısını elə ayaqyolu tələskənliyi ilə döysək də, qapı bizim üzümüzə elə ayaqyoluna gəlmiş kimi laqeyd şəkildə açıldı.
Həkimlərimiz sağ olsunlar, müdaxilə etdilər, sarğı qoyub evə göndərdilər. Bəli, 3-cü dərəcəli yanıq xəstəsi olan körpə uşağa düz 5 saat tamamında müdaxilə olundu. Düz 5 saat biz şəhərdə yanıq mərkəzi axtardıq.
Ən faciəlisi isə budur ki, günün sonunda dərdimizi izah etmək üçün TƏBİB-lə əlaqə saxladıq. Bütün bunların normal olduğunu öz ağızlarından eşitdik. Siz yanmısınız, bütün şəhəri gəzmisiniz, xəstə çarəsizcə qıvranır və bütün bunlar normaldır.
Normal deyil, bir faciədir. Bir insanlıq dramıdır. Ölmüş insanlığın mundar qoxusudur.
Mən bütün bunları növbəti günlər sarğıya getdiyimiz zaman həkimimizlə danışdım. O qədər acınacaqlı hadisələr danışdı ki, mənimki onların yanında adi haldır. Bakı şəhərində 3 milyon insan yaşayır. Mən bilirəm və orada da gördüm ki, gün ərzində neçə uşaq və neçə insan yanır. Və bu qədər insan Buzovnada yerləşən Bakı şəhəri, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına möhtacdır.
Onun da yerini tapsan...
Onun da məlumatına əvvəlcədən sahib olsan...
Ora da gedib çıxacaq qədər zamanın olsa...
Bəli, Bakı şəhərində yanan insanın taleyi bax bu şəkildə "həll olunur."
Yuxuları insan həyatından şirin olan insanların əlində "həll olunur."
Əsəbi deyiləm, qəzəbli heç deyiləm. Yaşadığım ölkənin kiçikdən böyüyə hər nəfəri üçün üzgün olaraq yazıram bu yazımı. Övladımıza müdaxilə edən həkimlərin hər biri çox savadlı və işini bilən insanlar idi. Nəticəsindən də bəlli olur. Ancaq bayaq təsvir etdiyim o ayaqyolu qapısına bənzəyən qapıdan bu ölkənin savadlı həkimləri də girir. Həkiminə dəyər verilməyən səhiyyənin xəstəsinə verdiyi dəyərin müzakirəsinə gərək varmı sizcə?
TƏBİB-in də dediyi kimi, “bütün bunlar normaldır!”?
Bir vətəndaş olaraq isə bunu hər kəsin bilməyini istəyirəm: Ailələrimizdən, əzizlərimizdən və insanlarımızdan uzaq olsun. Əgər yanıqla bağlı müraciətiniz olarsa, şəhərdə vaxt itirməyin.
Birbaşa Bakı şəhəri, 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına (Buzovna) müraciət edin. Ünvan: Ruhulla Axundov küçəsi 2A, AZ1041. Əlaqə nömrəsi: (+99412) 453-25-74.
Allah yandırmasın!

Həvva Salmanova

DİGƏR XƏBƏRLƏR

Top