Xəbər verdiyimiz kimi, Azərbaycanda əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manata çatdırılacaq.
Yeniavaz.com xəbər verir ki, hazırda əmək pensiyasının minimum məbləği 280 manat təşkil edir.
Bəs görəsən, əmək pensiyasının minimum məbləğinin 40 manat və ya 14,3% artırılmasının pensiya alanlar üçün hansı təsirləri olacaq?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, əmək pensiyasının minimum məbləğinin artması daha çox 2024-cü il ərzində yaşa görə əmək pensiyasına çıxan və minimum səviyyədə pensiya alanlara təsir edəcək:
“Bildiyimiz kimi, pensiyalar hər ilin əvvəlində əvvəlki ilin orta aylıq əmək haqqındakı artıma uyğun olaraq indeksasiya olunur. Yəni əmək haqqı nə qədər artırsa, pensiyalar da bir o qədər artır. Gözlənilir ki, bu ilin yekununda indeksasiya 8% səviyyəsində olacaq. Bu da o deməkdir ki, yanvar ayının 1-dən etibarən minimum səviyyədə, yəni 280 manat pensiya alanların pensiyası 302 manatdan çox olacaq. Minimum pensiyanın 320 manat olması həmin şəxslərin pensiyasında təxminən 18 manatlıq artıma səbəb olacaq. Belə deyə bilərik ki, əmək pensiyasının minimum məbləği 320 manata qaldırılmasa belə, heç kim 302 manatdan aşağı pensiya almayacaqdı. Minimum pensiya 40 manat artırılsa da, heç kimin pensiyası 18 manatdan çox artmayacaq. 18 manatlıq artımın neçə nəfərə şamil olunacağı barədə rəsmi məlumat yoxdur. Bu ilin ilk yarısında 7,6 min insan pensiyaya çıxıb. Əgər ilin ikinci yarısında da bu qədər insan pensiyaya çıxsa, il əzində təxminən 14-15 min insan pensiyaya çıxmış olacaq. Onların da böyük ehtimalla çox az bir hissəsi minimum səviyyədə pensiya alacaq”.
Allahverdi Aydın deyir ki, əgər əmək pensiyasının minimum məbləği indeksasiyadan, yəni yanvar ayının 1-dən əvvəl artırılarsa, onda əmək pensiyalarında daha böyük artım ola bilər:
“Əvvəlcə minimum pensiya məbləği artırılsa onda 280 manat pensiya alanların pensiya məbləği 320 manat olacaq. Daha sonra bu məbləğ indeksasiya olunsa, artım daha çox olacaq”.
İqtisadçı bildirir ki, minimum pensiyanın 320 manat olması digər şəxslərin pensiyasına təsir göstərməyəcək:
“Əmək pensiyasının minimum məbləğinin 280 manat olması ilə bağlı qərar 2023-cü ilin əvvəlində verilib. Bu ilin əvvəlində əmək pensiyalarının minimum məbləği dəyişməz qalıb. Bu isə o deməkdir ki, ötən il Azərbaycanda minimum səviyyədə pensiya alanların pensiya məbləği bu ilin əvvəlində indeksasiya olunaraq artırılıb. Ötən il ölkədə orta aylıq əmək haqqı 11,2% artıb. Pensiyalar da bu səviyyədə indeksasiya olunub. Yəni ötən il 280 manat pensiya alanlar bu ilin əvvəlindən etibarən 311 manat alırlar. Qeyd etdiyimiz kimi, gələn ilin yanvar ayında pensiyalar yenidən 8% həddində indeksasiya olunacaq. Nəticədə, bu ilin əvvəlinə kimi pensiyaya çıxan və minimum səviyyədə pensiya alanların pensiya məbləği ən azı 336 manat olacaq ki, bu da 320 manatlıq minimum səviyyədən yüksək olacaq”.
“Azərbaycanda əmək pensiyasının minimum məbləğinin artırılmasının başqa bir təsiri pensiya kapitalı ilə bağlı olacaq”, - deyən iqtisadçı bildirir ki, minimum pensiya məbləğinin artması pensiya kapitalını da artırmış olacaq:
“Qanunvericiliyin tələbinə görə, Azərbaycanda pensiya yaşına çatan şəxslər yaşa görə əmək pensiyası ala bilmək üçün ya 25 il iş stajına, ya da minimum səviyyədə pensiya kapitalına sahib olmalıdırlar. Pensiya kapitalı minimum pensiya məbləğinin 144-ə vurulması ilə hesablanır. Hazırda pensiya ala bimək üçün minimum pensiya kapitalı ilə bağlı tələb 40 min 320 manatdır. Minimum pensiya məbləği 320 manat olduqdan sonra, yəni fevral ayının 1-dən sonra bu tələb 46 min 80 manat olacaq”.
Elnur Əli