Oktyabr ayının sonlarında paytaxtın müxtəlif ərazilərində hiss edilən kəskin narahatedici qoxunun səbəbi məlum olub.
Yeniavaz.com xəbər verir ki, vətəndaşlardan biri yaşadığı ərazidə yayılan iy-qoxu ilə bağlı noyabr ayının ilk günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib.
Nazirliyin 35 gündən sonra həmin vətəndaşın müraciətinə verdiyi cavabda qeyd olunub ki, yayılan qoxunun səbəbi Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun və “Azərneftyağ”da ilkin emal qurğularının buxar vasitəsiylə yuyulması olub.
Nazirlikdən bildirilib ki, Xətai, Nizami, Sabunçu, N.Nərimanov, Suraxanı, Nəsimi rayonlarında aparılan ölçmə işləri zamanı atmosferə atılan zərərli qaz qarşıqlarının miqdarının ətraf mühit üçün yol verilən qatılıq həddi daxilində olduğu müəyyən edilib.
Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daha əvvəl mətbuata verilən açıqlamalarda Bakı şəhərinin bəzi ərazilərində yayılan qoxunun səbəbi açıqlanmamışdı. Noyabr ayının əvvəlində nazirlikdən mətbuata verilən açıqlamada isə qeyd olunurdu ki, pis qoxunun səbəbini araşdırmaq üçün monitorinq qrupu yaradılıb.
Murad Məmmədov