“İsrail və HƏMAS atəşkəs haqqında razılığa gəlməyə çalışırlar, lakin İsrail qoşunlarının Qəzza zolağı ilə Misir sərhədində yerləşən Filadelfiya dəhlizindən çıxarılması və girovların azad edilməsi planının təfərrüatları barədə razılığa gələ bilmirlər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The National” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail İsrail həbsxanalarında uzun müddət cəza çəkən 200 fələstinlidən 70-ni azad etməyə hazır deyil. Ümumilikdə hərəkat 1 min fələstinlinin azad edilməsinə nail olmaq niyyətindədir. İsrail, HƏMAS-ın 60 günlük potensial atəşkəs zamanı Qəzza zolağında hərəkatın yaraqlıları tərəfindən saxlanılan qadın əsgərlər və amerikalılar da daxil olmaqla 100-ə yaxın girovu azad edəcəyini gözləyir.
HƏMAS İsrail ilə “hərtərəfli razılaşma” əldə etmək istəyir. Belə bir razılaşma İsrail qoşunlarının Qəzzadan çıxarılmasını və atəşkəs rejiminin tətbiqini əhatə etməlidir. Nəşr iddia edir ki, İsrail Misir və Qəzza zolağının sərhədində yerləşən Filadelfiya dəhlizindən qoşunlarını mərhələli şəkildə çıxarmaqdan imtina edir.
Keçən həftə İsrailin “Ynet” portalı yüksək rütbəli məmura istinadən yazıb ki, mümkün sövdələşmənin təfərrüatlarının çoxu artıq razılaşdırılıb, lakin əsas mübahisə onun ilk mərhələsində azad edilməli olan girovların sayı olub. Rəsmi əlavə edib ki, danışıqlar hazırda girovların sayı və şəxsiyyəti üzərində cəmlənib.