“Honda” və “Nissan” birləşmək üçün danışıqlara başladıqlarını açıqladı


Yaponiyanın böyük avtomobil şirkətləri “Honda” və “Nissan” dekabrın 23-də birləşmə danışıqlarına başladıqlarını elan ediblər.
Yeniavaz.com
xəbər verir ki, “Nissan”ın saytında bu barədə açıqlama paylaşılıb.
Bildirilib ki, tərəflər müzakirələrə başlamaq və birgə holdinqin yaradılması yolu ilə iki şirkətin biznesinin inteqrasiyası imkanlarını araşdırmaq üçün anlaşma memorandumu imzalayıblar.
“Honda” və “Nissan” digər yapon istehsalçısı “Mitsubishi Motors” ilə də bu şirkətin qrupa qoşulma imkanlarını nəzərdən keçirmək üçün ayrıca memorandum imzalayıb. “Nissan” “Mitsubishi”nin əsas səhmdarıdır.
“Çinli avtomobil istehsalçılarının və yeni oyunçuların meydana çıxması avtomobil sənayesini çox dəyişdi. Biz 2030-cu ilə qədər onlarla mübarizə aparmaq üçün potensial yaratmalıyıq, əks halda məğlub olacağıq”, - “Honda”nın baş direktoru Toşihiro Mibe Tokioda keçirilən mətbuat konfransında bildirib.
“Honda” və “Nissan” nümayəndələrinin fikrincə, birləşmə baş verərsə, holdinqin ümumi satışları 30 trilyon iyena (191 milyard dollar) çatacaq və mənfəəti üç trilyon yeni (19 milyard dollar) keçəcək.
Tərəflər 2025-ci ilin iyun ayına qədər danışıqları başa çatdırmaq və 2026-cı ilin avqustuna qədər holdinq yaratmaq niyyətindədirlər. Birləşən şirkətin direktorlar şurasında yerlərin əksəriyyətini “Honda” nümayəndələrinin tutacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top