ABŞ-dən Belarusdakı vətəndaşlarına çağırış: “Dərhal tərk edin”


ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Departamentin rəsmi saytında bəyanat dərc olunub.
“Belarus hakimiyyəti tərəfindən yerli qanunların özbaşına tətbiqi və həbs təhlükəsi, Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək, eləcə də regionda qeyri-sabitlik və gözlənilməzliyin artması səbəbindən Belarusa səfər etməyin”, - bəyanatda deyilir.
Qeyd olunub ki, Belarusdakı ABŞ vətəndaşlarına kütləvi nümayişlərdən çəkinmələri tövsiyə olunur.
Dövlət Departamenti, həmçinin amerikalıları elektron cihazlarına diqqət yetirməyə çağırıb. Bildirilib ki, sözügedən cihazlarda olan məlumatlar onların həbsi üçün əsas ola bilər.
Qeyd edək ki, ABŞ 28 fevral 2022-ci ildə Minskdəki səfirliyinin işini dayandırıb. Bəyanatda deyilir ki, Belarusda olan və konsulluq xidmətinə ehtiyacı olan ABŞ vətəndaşları mümkün qədər tez ölkəni tərk etməyə çalışmalı və başqa ölkədəki ABŞ səfirliyi və ya konsulluğu ilə əlaqə saxlamalıdırlar.

DİGƏR XƏBƏRLƏR

Top