“Lukoil-Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bir neçə gün öncə QSC-yə məxsus yanacaqdoldurma məntəqəsində avtomobilə yanacaq yerinə su doldurulması ilə bağlı iddialara münasibət bildirib.
Yeniavaz.com Pravda.az-a istinadən xəbər verir ki, Bakının Binəqədi rayonu, “Azadlıq” prospektində yerləşən 19 saylı yanacaqdoldurma məntəqəsində baş verən xoşagəlməz hal dekabrın 18-də qeydə alınıb.
“Hazırda müvafiq komissiya yaradılıb, araşdırma aparılır. İlkin ehtimal bundan ibarətdir, son günlər yağan intensiv yağışlar fəsadlar törədib, Aİ-95 markalı benzinin olduğu çənə qrunt suları dolub. Operatorların ya təcrübəsizliklərindən, ya da diqqətsizliklərindən çəndəki benzin sonadək istifadə edilib. Bunun da səbəbi həmin dövrdə yeni benzinin gəlməməsi olub. Doğrudan da, avtomobillərin çənlərinə vurulan benzində su qarışımı olub. Müştərilərimizin belə bir halla qarşılaşdıqlarına görə təəssüf hissi keçirik. Ölkədə 30 ildir, fəaliyyət göstəririk, bu hadisə ilkdir. Hansı müştərimizə ziyan dəyibsə, şirkətin gəlirləri hesabına ödənilir və bu, davam etməkdədir. Hazırda 20 sürücüyə kompensasiya ödənilib. Məbləğ isə servisdən verilən sənədlər əsasında müəyyənləşdirilir", - məlumatda qeyd olunub.
***22.12, 10:39
“Lukoil” yanacaqdoldurma məntəqəsində avtomobilə benzin yerinə su vurulduğu iddia edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Haldun Novruzzadə sosial şəbəkə hesabında paylaşım edib.
Novruzzadə iddia edir ki, sözugedən hadisə 20 dekabr tarixində baş verib:
“Saat 21:05-21:30 radələrində bizim “Rent a car” şirkətinə məxsus 99-XN-288 nömrəli “Hyundai Elantra” avtomobil ilə müştəri “Şamaxinka”da yerləşən “Lukoil”dan 20 manatlıq A92 benzin vurub. Maşın 200 m getdikdən sonra sönüb. Gətirmişik ustaya. Bakdan benzin yerinə su çıxıb”.
“Rent a car” şirkətinin rəhbəri qeyd edib ki, ona 500 manatlıq ziyan dəyib:
“Bu konkret biabırçılıqdı. “Lukoil” deyir ki, biz bakdan analiz götürməliyik. 1 ay ərzində bu “Lukoil” yanacaqdoldurma məntəqəsində baş verən 4-5-ci hadisədi. “LUKOIL-Azerbaijan”dan tələb edirəm mənə dəyən ziyanı ödəsin!”