Beyin axını müasir dövrün ən aktual problemlərindən biridir. Bu fenomen həm fərdlərə, həm də cəmiyyətlərə müxtəlif mənfi təsirlər göstərir.
Qurani-Kərimdə belə buyurulur:
“Allah sizin aranızdan iman gətirənləri və elm verilmiş olanları yüksək dərəcələrə ucaldar”(Mücadilə, 11).
Haqqın ucaltdığı, yüksəltdiyi, elmi ilə fərqləndirdiyi zatların cəmiyyət içində xüsusi yeri var. Lakin bu elm yalnız fərdi maraqlara deyil, bütövlükdə xalqın rifahına xidmət etməlidir. Bir insanın öz bilik və bacarıqlarını başqa bir yerdə istifadə etməsi, ölkəsini nəzərə almaması fəlakətdir.
Beyin axınının qarşısını almaq üçün gənclərin öz ölkələrinə bağlılığını artırmaq, vətəni sevməyi öyrətmək fərzdir. Bu, təhsil prosesində milli və dini dəyərlərə diqqət ayırmaqla mümkün ola bilər. Gənclərə ədalətli davranmaq bu işin əsas parçasıdır. Təhsil aldıqdan sonra işsiz qalmaq, istedadlı adamlardan istifadə etməmək beyin axınına sürət verir.
Allah Qurani-Kərimdə ədaləti əsas tutmağı əmr edir:
“Allah sizə ədaləti, yaxşılığı və qohumlara yardım etməyi əmr edir” (Nəhl, 90).
Elm üçün münbit şərait deyəndə, rüşvətsiz təhsil ağla gəlir. Rüşvətsiz təhsil ən böyük töhfədir. Onun sayəsində xaricdə təhsil alan minlərlə gənc öz ölkəsinin qeyrətini çəkər.
Harada müəllimlərə, alimlərə və digər ixtisaslı insanlara yüksək dəyər verilirsə, orada inkişaf yüksəlir.
Biliklərin vətənə qaytarılması özəl addımdır. Bu addımla xaricdə təhsil alan və ya işləyən insanları əldə etdikləri bilikləri ilə Vətənə qaytarmaq olar. Axı Vətənə xidmət mənəvi borcumuzdur. Bəli, İslama görə alim ümumbəşəri dəyərləri təbliğ edər. O, insanlıq ailəsini nəzərə alar. Əlbəttə ki, belə alimlər azdır.
Bizə gəlincə, istərdik ki, gənc nəsil Vətənimizin çiçəklənməsində səfərbər olsun. Əyri gördükləri, qüsurlu bildikləri, tərəqqi önündəki əngəlləri qaldırmaqda xalqımızla çiyin- çiyinə çalışsınlar!
İlahiyyatçı Ağa Hacıbəyli