Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş imzalanıb.
Yeniavaz.com xəbər verir ki, bu, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Rusiyaya səfəri çərçivəsində baş tutub.
Səfər çərçivəsində nazir Rusiya Hökuməti sədrinin müavini Vitali Savelyev və nəqliyyat naziri Roman Starovoytla görüşüb, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, o cümlədən avtomobil daşımalarının həyata keçirilməsi üçün müzakirələr aparılıb.
Qeyd olunub ki, dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır.
“Bu saziş dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdıracaq və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin edəcək”, - nazirliyin məlumatında deyilir.