Empatiya qurmaq nədir? Bir uşağa empatiya qurmağı öyrətmək nə üçün vacibdir? Empatiya qurmağı uşaqlarımıza necə öyrədə bilərik? Bu suallara cavab verməzdən əvvəl ilk növbədə empatiyanın nə olduğunu nəzərdən keçirək...
Empatiya nədir?
Əgər çox qısa bir şəkildə ifadə etsək, empatiya özünü başqasının yerinə qoymaq deməkdir. Bundan başqa, başqasının səndən fərqli olduğunu, səndən fərqli düşündüyünü və səndən fərqli hiss etdiyini bilmək də empatiyanı ifadə edən amillərdir.
Empatiyanı necə inkişaf etdirmək olar?..
Empatiyanın bünövrəsi həyatın ilk illərində atılır. Ananın uşağına göstərdiyi sevgi və qayğı uşağın da ətrafına sevgi və qayğı göstərməsinə təkan verir. Digər tərəfdən, bu, təkcə uşağın fiziki inkişafı üçün yox, psixoloji inkişafı üçün də çox vacibdir. Beyində empatiya üçün cavabdeh olan nahiyə “sağ beyin” adlandırdığımız nahiyədir. Bu baxımdan, uşağın həyatının ilk ili sağ beyinin inkişafı üçün ən kritik dövrdür.
İlk ildən analarının onları həmişə sevəcəyini və qayğı göstərəcəyini hiss edən uşaq bu sevgi və qayğını ətrafındakılara da göstərir. Uşaqda rəhm, şəfqət, mərhəmət kimi hisslərin bünövrəsi də elə bu ildə atılır. Digər tərəfdən, 18-ci və 24-cü aylar arasında uşaqda “mən” məfhumu inkişaf edir. Ancaq “mən” deyən uşaq “mən-sən” fərqini dərk edir. Buna görə də, 2 yaşından əvvəl uşaqdan başqasını düşünməyi və ya hiss etməyi tələb etmək yersizdir.
Siz necə kömək edə bilərsiniz?
- Uşağınıza empatiya göstərin.
- Başqalarına empatiya göstərin (Təbii ki, uşağınıza nümunə göstərmək üçün).
- Uşağınıza başqalarının nə hiss etdiyini deyin.
- Uşağınıza başqalarının nə düşündüyünü deyin.
- Hisslərlə bağlı biliklərini inkişaf etdirin. Məsələn, ona müxtəlif hissləri ifadə edən üz ifadələri göstərin.
- Özünü tanımasına kömək edin. Məsələn, güzgüyə baxaraq, özünü tanıya bilər.
- “Mən” dilindən istifadə etdiyiniz kimi, “sən” dilindən də istifadə edin.
- Acıq, hirs, qəzəb və s. kimi pis hissləri tanımasına imkan verin. Çünki onun həmişə yaxşı hissləri tanımasına imkan versəniz, pis hisslərlə necə mübarizə aparmağı öyrədə bilməzsiniz.
- Gün ərzində yoldaşları ilə yaşadığı problemləri hər hansı bir oyunun mövzusuna çevirin. Məsələn, o gün yoldaşının əlindən oyuncağı alıb onu ağlatmışsa, oyunda rollarınızı dəyişərək, onu ağlayan uşağun yerinə qoyun. Beləliklə, oyunda bu hadisəni yenidən canlandıra və uşağınızın nə hiss etdiyini öyrənə bilərsiniz.
- Uşağınızı “Üzr istəyirəm” demək üçün məcbur etməyin. Əsas məsələ bu sözü demək deyil, bu sözü dərk etməkdir. Məsələn, “Görürsən, yerində oturduğun üçün qardaşın necə ağlayır?” “Görürsən, yeməyini yediyin üçün bacın necə məyusdur?” və s. kimi.
- Unutmayın ki, impatiya tədricən və yavaş-yavaş inkişaf edir. Üstəlik, unutmayın ki, “eqoizm” uşaqlığın və ya uşaq olmağın bir parçasıdır. Buna görə də, 3 yaşına qədər tələblərinizə məhdudiyyət qoyun.
- Ailədə müəyyən nümunələri görmək də uşaqda empatiya məfhumunun formalaşmasında mühüm rol oynaya bilər. Buna görə də, uşaqları yeməklərini qardaşları və ya yoldaşları ilə bölüşməyə həvəsləndirə bilərsiniz. Ancaq uşağınızı həvəsləndirərkən, nə olursa-olsun, təzyiq göstərməyin.
- Uşağınıza nağıl və ya hekayə oxuyun. Və oxuduqdan sonra nağıldakı və ya hekayədəki xarakterlərlə bağlı hiss və ya düşüncələrini soruşun. Məsələn, “Səncə bu uşaq nə hiss edir?” “Səncə bu qıza necə kömək etmək olar?” və s. kimi.
- Evdə ev heyvanları ilə ünsiyyət qurması da uşaqda empatiyanın inkişaf etməsinə kömək edə bilər. Əgər evdə ev heyvanı saxlamaq imkanınız yoxdursa, ən azı uşağınızın küçədə heyvanlarla ünsiyyət qurmasına imkan verə bilərsiniz.
Aygün Vəliyeva