“Asgari ücret” nə qədər olacaq? – Türkiyədə ən çox bu müzakirə olunur


Türkiyədə 2025-ci ildə qüvvədə olacaq minimum əmək haqqının (“Asgari ücret”) müəyyən edilməsiylə bağlı keçirilən üçüncü iclas başa çatıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, üçüncü iclasda da əvvəlki iki iclasdakı kimi minimum əmək haqqı məbləği müəyyən edilməyib.
Bildirilir ki, minimum əmək haqqını müəyyən edilməsiylə əlaqədar yaradılan komissiyanın ilk iclası dekabrın 10-da, ikinci iclası isə dekabrın 16-da keçirib. Bu iki görüşdə işçilərin və işəgötürənlərin fikirləri dinlənilsə də, heç bir rəqəm açıqlanmayıb.
Aparılan müzakirələrdə işçiləri təmsil edən “Türk-İş” adlı həmkarlar ittifaqının sədri Ramazan Ağar bildirib ki, 4-cü iclasın tarixi müəyyənləşməyib.
Türkiyədə gələn il üçün minimum əmək haqqının nə qədər olacağı ilə bağlı isə mətbuatda fərqli rəqəmlər səsləndirilir. Bildirilir ki, bu il ölkədə 44% həddində inflyasiya gözlənildiyi üçün minimum əmək haqqı da bu səviyyədə arta bilər. Hazırda 17 min 2 lirə (486 dollar) olan minimum əmək haqqının 24 min 483 lirəyə (700 dollar) yüksələcəyi gözlənilir.
Türkiyə mətbuatının yazdığına görə, “Türk-İş” adlı həmkarlar ittifaqı müzakirələr zamanı hökumətdən minimum əmək haqqının 29 min 500 lirəyə (843 dollar) qaldırılmasını istəyib.

DİGƏR XƏBƏRLƏR

Top