“Rusiya və Bəşər Əsəd hökumətinin devrilməsinə rəhbərlik edən silahlı qrup “Heyət Təhrir əl-Şam” (HTŞ) Moskvanın Suriyadakı hərbi mövcudluğu ilə bağlı danışıqlara başlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə danışıqlarla tanış olan HTŞ mənbəsi “The National”a məlumat verib.
“Biz danışıqların birinci mərhələsindəyik. İnsanlar qanı dayandırmaq üçün mübarizə aparır; yeni həyat qurmaq və irəli getmək istəyirlər. Biz münasibətləri bərpa etməyə məcburuq, ölkə ölüb, insanlar isə çox yoxsuldur”, - mənbə bildirib.
Bildirilib ki, Rusiya Suriyadakı strateji hərbi aktivlərini, o cümlədən Latakiyadakı Xmeymim aviabazasını və Tartusdakı hərbi dəniz obyektini saxlamaq niyyətindədir, hansı ki, hər ikisinin mövcudiyyəti Rusiyanın uzun müddət müttəfiqi olan Əsədin devrilməsi ilə şübhə altına düşüb:
“Davam edən danışıqlar Rusiyanın strateji əhəmiyyətinə görə saxlamaqda maraqlı olduğu iki baza üzərində cəmlənir. Rusiyanın Aralıq dənizində yeganə təmir və təchizat mərkəzi olan Tartus hərbi dəniz obyekti 2017-ci ildə Suriya rejimindən 49 il müddətinə icarəyə götürülüb. Rusiyanın Yaxın Şərq və Afrikadakı hərbi əməliyyatları üçün kritik mərkəz olan Xmeymim Hava Bazası 2015-ci ildən bəri Suriyadakı hava əməliyyatı üçün əsas baza rolunu oynayır. Tartus limanı ilə bağlı danışıqların irəlilədiyi görünür və HTŞ mənbələri keçid hökumətinin liman icarəsini ləğv edə bilməyəcəyini deyib”.
Hmeymim Hava Bazasının gələcəyi hələ də müzakirə edilərkən, HTŞ beynəlxalq səviyyədə tanınmağa çalışır və yeni müttəfiqlər axtarır.
Qeyd olunur ki, Suriya tərəfinin Rusiyanın tələbləri müqabilində hansı güzəştlər tələb edə biləcəyi bəlli deyil. HTŞ mənbəsi qeyd edib ki, qrup Rusiyadan Əsəd və hərbi cinayətlərə görə axtarışda olan digər şəxslərin Suriyaya və ya Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilməsini tələb etməyi planlaşdırır, lakin onlar bu tələbin yerinə yetiriləcəyinə əmin deyillər.