Uşağınızı “işsiz” qoymayın!


Evinizin həmişə təmiz olmasını istəyirsinizmi? Elə isə uşaqdan böyüyə ailənin hər bir üzvünə bir iş verin və nəticədə, eviniz də həmişə təmiz olsun. Ancaq burada uşaqlarınıza xüsusi diqqət yetirməli və onları bu işə kiçik yaşlarından alışdırmalısınız. Elə isə bunun üçün ilk növbədə nə etmək lazımdır?
Hər şeydən əvvəl onu deyək ki, uşaqlara bir iş verərkən böyük işlərdən yox, kiçik işlərdən başlamaq məsləhətdir. Məsələn, siz işə “Oyuncaqlarını bu qutuya qoy” və ya “Paltarlarını bu şkafa yığ” kimi sadə tapşırıqlarla başlaya və həm özünüzün, həm də uşağınızın işini asanlaşdıra bilərsiniz. Ancaq uşağınızın yaşı artdıqca işini də artırın və üstəlik, görəcəyi işi özünün seçməsinə imkan verin.
Digər tərəfdən, nə olursa-olsun, gündəlik ev işlərinizdən cəza və ya mükafat kimi istifadə etməyin. Bundan başqa, evin təmizlənməsi ilə hamınız birlikdə məşğul ola və sonra da yeməyə və ya gəzməyə çıxmaqla bu “əlamətdar günü” qeyd edə bilərsiniz. Üstəlik, belə əlamətdar günləri uşağınız hələ kiçik ikən qeyd etməyə başlaya bilərsiniz.
Digər tərəfdən, uşağınızın ev işləri üçün göstərdiyi səyləri həmişə diqqət mərkəzində saxlayın və onun bu səylərindən duyduğunuz məmnuniyyəti açıq və aydın bir şəkildə ifadə edin. Başqa vacib bir məsələ isə uşağınıza öz yaşına uyğun iş verməkdir. İndi isə sizə uşağınızın yaşına uyğun verə biləcəyiniz işləri təqdim edirik:

2-4 yaş arası:
- Oyuncaqları yerinə qoymaq;
- Paltarları yığışdırmaq;
- Qaşıqları (və ya çəngəlləri) mətbəxə aparmaq;
- Zibil torbasını qapının ağzına qoymaq və s.


5-7 yaş arası:
- Yatağını hazırlamaq;
- Yatağını yığışdırmaq;
- Yeməkdən sonra masanın üstünü silmək;
- Kirli paltarları paltar səbətinə qoymaq və s.


8-10 yaş arası:
- Evi süpürmək;
- Hamamı təmizləmək;
- Təmiz paltarları qatlamaq;
- Dibçək güllərinə su vermək və s.


10-12 yaş arası:
- Kirli paltarları ayırmaq;
- Kirli paltarları yumaq (paltar maşınında yumaq nəzərdə tutulur);
- Evin tozunu almaq;
- Yemək siyahısını hazırlamaq və s.


12 yaş və daha çox:
- Paltarları ütüləmək;
- Döşəmələri silmək;
- Maşın yumağa kömək etmək;
- Yemək hazırlamağa kömək etmək və s.


Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top