Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, səsvermədə iştirak edən 225 kollegiya üzvündən 224-ü ona səs verib. Parlamentin legitimliyini tanımadığını bəyan edən müxalifət partiyaları prezident seçkisində iştirak etməyiblər.
M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.
***14:47
Gürcüstanda prezident seçkiləri başa çatıb.
Yeniavaz.com xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası səslərin hesablanmasına başlayıb.
“Mərkəzi Seçki Komissiyasının üzvləri buradadırlar, indi biz səsləri sayacağıq, nəticələri müəyyən edəcəyik, yekun protokol tərtib edəcəyik, müvafiq nəticələrlə sizi tanış edəcəyik”, - Mərkəzi Seçki Komissiyasının rəhbəri Giorgi Kalandarişvili səsvermə barədə danışarkən deyib.
Qeyd edək ki, Gürcüstanda ilk dəfə olaraq dövlət başçısı birbaşa səsvermə yolu ilə deyil, 300 seçicidən ibarət kollegiyanın səsverməsi ilə seçilib. Onun tərkibinə Gürcüstan parlamentinin 150 deputatı, Acarıstan Ali Sovetinin 21 deputatı, Abxaziya Ali Şurasının 20 nümayəndəsi və ölkənin müxtəlif regionlarının yerli idarəetmə orqanlarının 109 deputatı daxildir.
Prezidentliyə yeganə namizəd hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının namizədi, keçmiş parlament üzvü və keçmiş futbolçu Mixail Kavelaşvilidir. O “Dinamo Tbilisi”, “Spartak Vladiqafqaz”, “Zürix”, “Mançester Siti” və “Bazel” kimi klublarda oynayıb.
Əgər səslərin hesablanmasının nəticələrinə əsasən, Kavelaşvili seçicilərin ümumi sayının üçdə ikisinin səsini ala bilməsə, o zaman həmin gün keçiriləcək səsvermənin ikinci turu təyin ediləcək. İkinci turda qalib gəlmək üçün Kavelaşviliyə seçicilərin sadə əksəriyyətinin dəstəyi lazımdır.