Gələn il pensiyalar nə qədər arta bilər? – Ekspert məbləği açıqladı


Bu ilin yanvar-sentyabr aylarında orta aylıq nominal əmək haqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8% artdığı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildiyimiz kimi, yaşa görə əmək pensiyaları Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan əvvəlki ilin orta aylıq nominal əmək haqqının artım tempinə əsasən müəyyən olunur. Belə olan halda, gələn il pensiyalar nə qədər arta bilər?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, son 2 ayın statistik göstəricilərində ciddi dəyişiklik olmasa, gələn il yaşa görə əmək pensiyalarının orta məbləği hər 100 manatda təxminən 8 manat həddində artacaq:
“Bu ilin sona çatmasına sayılı günlər qalıb. Orta aylıq əmək haqqında ciddi artımların ola biləcəyi ehtimalı olduqca aşağıdır. Çünki minimum əmək haqqı, həmçinin ehtiyac meyarı, yaşayış minimumu kimi sosial normalar üzrə artımlar yanvar ayının 1-dən tətbiq olunacaq. Bu səbəbdən bu artımların bu il üçün qeydə alınacaq orta aylıq nominal əmək haqqına təsiri olmayacaq. Əvvəlki illərin təcrübəsi də göstərir ki, ilin son 2 ayında nominal əmək haqqında ciddi artımlar, ya da azalmalar olmur. Məsələn, ötən ilin oktyabr ayında orta aylıq əmək haqqının 11,3 faiz artdığı açıqlanmışdı. İki aydan sonra - ilin axırında məlum oldu ki, orta aylıq əmək haqqı 11,2 faiz artıb. 2022-ci ildə də oxşar vəziyyət olub. Oktyabr ayında 14,7 faiz olan artım, ilin sonunda 14,5 faizə düşüb. Ona görə də təxmin etmək olar ki, bu ilin sonunda da 7,8 faizlik artımda ciddi dəyişiklik olmayacaq”.

Allahverdi Aydın

Ekspert deyir ki, hazırda Azərbaycanda əmək pensiyasının minimum məbləği 280 manat təşkil edir:
“Əgər ehtimal etdiyimiz kimi orta aylıq əmək haqqı 8 faiz həddində artacaqsa, onda minimum səviyyədə pensiya alanların gələn ildən təxminən 300 manat pensiya alması gözlənilir. Bundan başqa, 300 manat pensiya alanların pensiyasında təxminən 23-24 manat, 400 manat pensiya alanların pensiyasında isə təxminən 30-32 manat artım olacağı təxmin edilir”.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top