Azərbaycanda Qiymətləndiricilər Palatası təsis edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı “Əmlak Ekspert Mərkəzi” MMC-nin direktoru Ramil Osmanlı sosial şəbəkə hesabında paylaşıb.
Bildirilir ki, 30 noyabr 2024-cü il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda uğur qazanan və sertifikat alan 106 nəfər qiymətləndiricidən 102 nəfəri təsis yığıncağında iştirak edib.
Ramil Osmanlı qeyd edib ki, Palatanın sədri Nüsrət İbrahimov, sədr müavini isə Ayan Qənbərova olub.
Daha sonra Ramil Osmanlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti adından palatanın seçkili orqanlarına seçilən şəxsləri təbrik edib.
Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl aralarında Ramil Osmanlının da olduğu bir qrup şəxs Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbədənkənar konfransının keçirildiyini bəyan edib. Açıqlanan məlumatda bildirilirdi ki, aralarında Nüsrət İbrahimov və Ayan Qənbərovanın da olduğu bir qrup şəxsin iştirakı ilə baş tutan konfransda Ramil Osmanlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni sədri seçilib.
Bu açıqlamadan sonra Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc sosial şəbəkə hesabında yazıb ki, növbədənkənar konfransın keçirilməsi qanunsuzdur.
Vüqar Oruc bildirib ki, o, 2022-ci ilin may ayında 7-ci hesabat-seçki konfransında sədr seçilib: “Ədliyyə Nazirliyi bunu 3 illik müddətə təsdiq edib. Hazırda AQC sədrinə məxsus olmalı olan bütün sənədlər, möhür və qanuni təmsilçilik statusu məndədir”.
Murad Məmmədov