
İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əviv Məhkəməsinə gedib.
Yeniavaz.com xəbər verir ki, o, burada ittiham olunduğu üç dələduzluq, rüşvətxorluq və ictimai etimadın pozulması ilə bağlı ifadə verəcək.
Məhkəmə zalından yayımı “Kan” dövlət televiziya və radio şirkəti həyata keçirəcək.
“Kan”ın məlumatına görə, bununla da Netanyahu ona qarşı cinayət işində ifadə verən ilk İsrail hökumətinin başçısı olacaq.
Netanyahu məhkəmə başlamazdan əvvəl mediaya açıqlama verməyib. O, məhkəmə zalına daxil olarkən onu dəstəkləmək üçün iclasda iştirak edən bir sıra nazir və deputatlarla əl sıxıb.
Xüsusilə ədliyyə naziri Yariv Levin, nəqliyyat naziri Miri Reqev və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir məhkəməyə gəlib.
Dinləmələr təhlükəsizlik məqsədilə Təl-Əviv-Yaffa Dairə Məhkəməsinin yeraltı məhkəmə zalında keçirilir. Çünki baş nazirə qarşı işə baxan Qüds Dairə Məhkəməsi lazımi mühafizə vasitələrinə malik deyil.
Qeyd edək ki, bu ilin iyulunda Qüds Dairə Məhkəməsinin hakimləri dekabrın 2-də Netanyahunun sui-istifadə halları ilə bağlı ifadə verməsi barədə qərar çıxarıblar.
Bir neçə həftə əvvəl baş nazirin vəkilləri onun Qəzza zolağında HƏMAS hərəkatına qarşı hərbi əməliyyatlara görə ən azı 2025-ci ilin martına qədər məhkəmədə ifadə verə bilməyəcəyini bildiriblər.
Nəticədə, hakimlər vəsatəti qismən təmin edərək, iclasın başlanmasını dekabrın 10-na qədər təxirə salsalar da, yeni təxirə salmaların olmayacağını vurğulayıblar.
Xatırladaq ki, Qüds Dairə Məhkəməsində Netanyahuya qarşı məhkəmə prosesi 9 aylıq fasilədən sonra 2023-cü il dekabrın 4-də davam etdirilib. 21 noyabr 2019-cu ildə İsrailin baş prokuroru Netanyahunu üç iş üzrə rüşvətxorluq, dələduzluq və ictimai etimadın pozulmasında ittiham etmək qərarına gəldiyini açıqlayıb. Baş nazir özü dəfələrlə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. İttihamnamələr 28 yanvar 2020-ci ildə Qüds Dairə Məhkəməsinə təqdim edilib.
“4000 işi”ndə müstəntiqlər Netanyahunun “Walla” xəbər portalı tərəfindən onun kabinetini müsbət işıqlandırması müqabilində “Bezek” telekommunikasiya şirkətinin maraqlarına xidmət etdiyinə inanırlar.
“1000 işi”ndə dələduzluq və ictimai etimaddan sui-istifadə ittihamları iki iş adamından bahalı hədiyyələrin alınması ilə bağlıdır.
“2000 işi”ndə baş nazir “Yediot Ahronot” qəzetinin sahibinin Netanyahu hökumətini müsbət işıqlandırmasına cavab olaraq onun maraqlarını müdafiə etdiyinə görə ittiham olunur.
Müstəntiqlər bu üç iş üzrə 2017-2018-ci illərdə Netanyahunu Qüdsdəki iqamətgahında 12 dəfə dindiriblər.