
Suriyanın Moskvadakı səfirliyi yaxın vaxtlarda binanın üzərində Suriya müxalifətinin bayrağını asacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadla məlumat yayıb.
Qeyd edək ki, dekabrın 8-də axşam saatlarında diplomatik missiyanın binasından dövlət bayrağı yoxa çıxıb. Həmçinin, fasadda qurumun adı yazılmış lövhə də artıq yoxdur.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam onlar bir neçə böyük şəhəri (Hələb, Həma, Dəra və Homs) ələ keçiriblər. Dekabrın 8-də isə müxalif qüvvələr paytaxt Dəməşqə daxil olublar. Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali respublikada hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə hazır olduğunu bildirib. Bəşər Əsəd isə ailəsi ilə birlikdə ölkəni tərk edərək Rusiyadan sığınacaq alıb.