Gürcüstanın baş naziri İrakli Kobaxidze deyir ki, bir həftə ərzində onlar mitinq iştirakçılarının üzlərini örtməsini qadağan edən qanun qəbul edəcəklər.
Yeniavaz.com “Azadlıq radiosu”nun Gürcüstan xidmətinə istinadla xəbər verir ki, o bu barədə hökumətin iclasında dnışıb.
Kobaxidze bildirib ki, bu, aksiyalar zamanı zorakılığın qarşısını almağa kömək edəcək:
“Maskalıların çoxluğuna görə, Daxili İşlər Nazirliyinin reaksiya verməsi çətinləşir – artıq kimin etirazçı, kimin təxribatçı olduğunu ayırd etmək mümkün deyil. Biz toplantı iştirakçılarının, o cümlədən əks görüş iştirakçılarının müxtəlif vasitələrlə üzlərini örtməsini qadağan edən qanun qəbul edəcəyik”.
Baş nazir deyib ki, qanun gələn həftənin sonuna qədər qəbul ediləcək.
Qeyd edək ki, artıq on birinci gündür minlərlə insan paytaxtın mərkəzində etiraz aksiyası keçirir. Səbəb isə hakim partiyanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməyəcəyinə dair qərarıdır.
İndiyədək polis aksiyanı dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Polis etirazçıları həbs edərkən onlara qarşı zorakılıq edir. Həmçinin aksiya iştirakçıları da pirotexniki vasitələrdən istifadə etməklə polis əməkdaşlarına xəsarətlər yetirirlər.