Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası (SMDK) 61 illik Bəəs (Ərəb Sosialist Bəəs Partiyası) hakimiyyətinin süqut etdiyi 8 dekabrı “Milli Bayram” elan edib.
Yeniavaz.com “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə Koalisiya bəyanat yayıb.
“Suriyanı qatil (Bəşər) Əsəd rejimindən azad etdiyi üçün Suriya xalqını təbrik edirik. Dekabrın 8-ni “Milli Bayram” elan edirik. Bu gün şəhidlərin, qurbanların, məhbusların, köçkünlərin və məzlumların qələbə günüdür”, - bəyanatda deyilir.
Qeyd olunur ki, SMDK hakimiyyətin tam səlahiyyətli keçid administrasiyasına təhvil verilməsi prosesini tamamlamaq üçün işlərini davam etdirəcək. Koalisiya yeni Suriyanın inşası üçün bütün ölkələrlə strateji əməkdaşlığa hazır olduğunu bəyan edib.
Qeyd edək ki, artıq Suriyada Bəşər Əsədin rəhbərlik etdiyi hökumət ölkəyə nəzarəti itirib. Bəşər Əsədin özünün isə paytaxt Dəməşqi tərk etdiyi bildirilir. Hətta onun təyyarəsinin qəzaya uğraması, Bəşər Əsədin ölməsi ilə bağlı iddialar da var. Müxalif qüvvələr isə hazırda paytaxtda nəzarəti ələ keçirir, idarəetməni dinc yolla əldə etmək üçün danışıqlar aparırlar.