Paytaxt Dəməşq müxalif qüvvələr tərəfindən ələ keçirildikdən sonra Suriya Hava Yollarına məxsus təyyarə Dəməşq Hava Limanından havaya qalxıb.
Yeniavaz.com xəbər verir ki, “Flightradar” uçuş izləmə saytındakı məlumatlara görə, təyyarə əvvəlcə Bəşər Əsədin də mənsubu olduğu ələvilərin ən çox məskunlaşdığı Suriyanın sahil bölgəsinə doğru uçub.
Bildirilir ki, bir müddət sonra təyyarə əks istiqamətdə qəfil geri dönüş edib və bir neçə dəqiqə əks istiqamətdə uçduqdan sonra xəritədən itib.
Təyyarədə kimin olduğu hələ müəyyən edilməsə də, sosial mediada Suriya Hava Yollarına məxsus “İl-76” tipli təyyarənin Homsun qərbində qəzaya uğraması ilə bağlı məlumatlar yayılıb. Lakin təyyarənin qəzaya uğraması ilə bağlı təsdiqlənmiş məlumat yoxdur.
Bir sıra nüfuzlu nəşrlər radardan itən təyyarənin Bəşər Əsədə məxsus ola biləcəyini yazıb.