İsrail ordusunun bölmələri Suriyadakı hadisələr fonunda İsrailin nəzarətində olan əraziləri Ərəb Respublikasından ayıran Qolan təpələrindəki bufer zonasına daxil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Suriyada baş verən son hadisələrdən, o cümlədən silahlı şəxslərin bufer zonaya daxil olmasından sonra yaranmış vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq, İsrail Müdafiə Qüvvələri (IDF) bufer zonasına və müdafiəsi zəruri olan bir sıra digər yerlərə qoşun yeridib. Qolan təpələrində yaşayış məntəqələrinin və İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək lazımdır”, - bəyanatda deyilir.
Qeyd edək ki, Suriyada “Heyət Təhrir Əl-Şam”ın rəhbərlik etdiyi müxalif qruplar Homsdan sonra Dəməşqə daxil olublar. Prezident Bəşər Əsədin Dəməşqi tərk tdiyi bildirilir. Hazırda Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali ilə müxalif qüvvələr arasında idarəetmənin qarşıdurma olmadan təhvil verilməsi istiqamətində danışıqlar gedir.