Heç həyat yoldaşınızla məsləhətləşirsinizmi? Yoxsa, “Mən özüm də qərar qəbul edə bilərəm” və ya “Onun bu işlərdən başı çıxmaz”, - deyə düşünürsünüz? Əslində, bu məsələ həm kişilərə, həm də qadınlara aiddir. Buna görə də, ailədə hər iki tərəf bütün məsələlərdə bir-biri ilə məsləhətləşməli, xüsusilə də, ev, uşaq və ailə ilə bağlı məsələlərdə məsləhətləşmədən qərar qəbul etməməlidir.
Bu məsələdə əlaqələr nə qədər güclü olsa, ailədəki münasibətlər də o qədər güclü olar. Bu məsələdə hər hansı bir zəiflik isə ailənin get-gedə zəifləməsinə gətirib çıxarar.
Ailə başçılarının bir-biriləri ilə məsləhətləşməsi onların daha düzgün qərar qəbul etməsi üçün də çox vacibdir. Həyat yoldaşınızla məsləhətləşmək eyni zamanda ona verdiyiniz qiyməti göstərir. Bu cür qiyməti hiss edən tərəfin isə həyat yoldaşına daha sıx bağlanması təbiidir.
Bəs əsasən, hansı məsələləri məsləhətləşmək olar? Əslində, bütün məsələlər barədə məsləhətləşmək olar. Yəni burada “Bu xırda məsələdir, müzakirə etməyə dəyməz”, “O əhəmiyyətsiz bir şeydir, məsləhətsiz də keçinmək olar” kimi münasibətlər olmamalıdır. Belə ki, işdə geyəcəyiniz köynəkdən dostunuza alacağınız hədiyyəyə qədər, yaşadığınız problemlərdən qonaqlarınıza bişirəcəyiniz yeməklərə qədər bütün məsələləri həyat yoldaşınızla məsləhətləşə bilərsiniz.
Xüsusilə də, əgər bu, ev, uşaq və ailə ilə bağlı məsələdirsə, qətiyyən təkbaşına qərar qəbul etmək olmaz. Evə nə isə alacaqsınızsa, birlikdə alış-verişə çıxmalı, uşağınızın gedəcəyi məktəbə qədər bir yerdə müəyyən etməlisiniz. Bu, ailənizin gələcəyi üçün də çox vacibdir.
Aygün Vəliyeva