Almaniyada ağ kətan 1 milyon avroya satıldı


Almaniyanın Münhen şəhərində keçirilən “Ketterer Knust” hərrac evində amerikalı minimalist rəssam Robert Raymanın kətan tablosu 1 milyon 258 min avroya (2 milyon 262 min manata) satılıb.
Yeniavaz.com
“The New York Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat verilib.
Məlumata görə, tablo sözün əsl mənasında heç nəyi təsvir etmir.
Qəzet xəbər verir ki, tablo rəssam Robert Raymanın “General 52x52” adlı əsəridir. Rəsm 1970-ci ildə pambıq material üzərində ağ emaldan istifadə edilərək çəkilib. Əsərin ölçüsü 132,1x132,1 santimetrdir (52x52 düym).
Analitik rəssamlığın əsas fiquru kimi tanınan Robert Rayman ağ emaldan istifadə edərək rəng və teksturanın qarşılıqlı əlaqəsini tədqiq edən bir sıra əsərlər yaradıb.
Onun 1967-ci ildə istifadə etməyə başladığı bu texnika əsasən müxtəlif ölçülü fırçalarla boya çəkməyi əhatə edir.
“Ketterer Knust” hərrac evi rəsmin yüksək qiymətini Raymanın sənət dünyasındakı əhəmiyyəti ilə izah edir. 2019-cu ildə 88 yaşında vəfat edən Rayman əsasən ağ rəngdə etdiyi eksperimental işləri ilə tanınıb. Onun bir çox rəsm əsərləri əvvəllər 19 milyon avroya qədər satılıb.

DİGƏR XƏBƏRLƏR

Top