“Bir sıra hallarda Azərbaycanla danışıqlar erməni tərəfinin məlumat sızdırması ilə əlaqədar uğursuz olub”.
Yeniavaz.com “News.am” portalına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan dekabrın 5-də jurnalistlərlə söhbətində Ovik Ağazaryanın davranışlarını şərh edərkən deyib:
“Baş nazir Nikol Paşinyan gəlib bizə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün təfərrüatlarını danışır. Baş nazir dövlət sirri olan məlumatları bizimlə bölüşür. Ancaq o, (Ovik Ağazaryan - red.) hər şeyi ictimaiyyətə açıqlayır. Sizcə, bu normaldır?”
Simonyan həmçinin bir ildən çox sızmanın haradan olduğunu axtardıqlarını bildirib.
“Biz sızmaların haradan olduğunu anlamaq üçün bir ildən çox axtarış apardıq. Partiya məsələlərinə gəlincə, yenə yaxşıdır. Bəs Ermənistanın təhlükəsizlik məsələlərinə gəlincə, bu belə qalmalıdırmı? Biz sızma ilə bağlı məlumat alan kimi narahat olduq. Çünki biz sızmanın kim tərəfindən olduğunu bilmirdik. Bəzən elə hallar olub ki, Azərbaycanla danışıqlar nəticəsiz qalıb. Həmçinin, münasibətlər, şərti desək, razılaşmaları pozduğumuz üçün gərginləşib. Yüksəsk səslə nə isə demişik və ya nə isə məlumat sızdırmışıq. Bundan sonra gəl sübut elə ki, fraksiyanın bu üzvü müsahibəni və ya məlumatı qəsdən deyil, səhvən verib”, - Simonyan bildirib.
Qeyd edək ki, dekabrın 4-də hakim “Mülki Müqavilə” partiyasının İdarə Heyəti deputat Ovik Ağazaryanı sıralarından xaric edib. Qərara görə, o, dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə “Mülki Müqavilə” partiyasından çıxarılıb.