“Vaşinqton administrasiyası Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirlər, o cümlədən əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü yaydığı yazılı açıqlamada bildirib.
“ABŞ indi əvvəllər elan etdiyimiz ikitərəfli əməkdaşlığın nəzərdən keçirilməsini davam etdirməklə yanaşı, əlavə sanksiyaların tətbiqi də daxil olmaqla, ixtiyarımızda olan vasitələrdən istifadə etməyə hazırlaşır”, - deyə Amerikanın xarici siyasət idarəsinin rəhbəri deyib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti dinc toplaşmaq və ifadə hüquqlarından istifadə etdiklərinə görə saxlanılanları dərhal azad etməlidir. Dövlət katibinin fikrincə, qanunsuz güc tətbiqində günahkar olan məmurlar tam məsuliyyətə cəlb edilməlidir.
“ABŞ “Gürcü Arzusu” Partiyasının Gürcüstan vətəndaşlarına, media əməkdaşlarına və müxalifət nümayəndələrinə qarşı əsassız zorakılığını kəskin şəkildə pisləyir və “Gürcü arzusu”nu tənqid edənləri susdurmaq üçün öz repressiv hərəkətlərinə, o cümlədən əsassız həbslərə və fiziki zorakılığa son qoymağa çağırır”, - Blinken bildirib.
O deyib ki, ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri nəticəsində insanların ciddi xəsarət alması ilə bağlı xəbərlərdən xüsusilə narahatdır.
Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası başlayıb. Etirazın səbəbi ölkənin baş naziri İrakli Kobaxidzenin bəyanatıdır. O bildirib ki, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqlar məsələsini gündəmə gətirməmək və ittifaqın bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. Hökumət başçısının sözlərinə görə, buna səbəb Aİ-nin ona qoşulmaq üzrə dialoqun başlanması ilə bağlı davamlı şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğv edilməsi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlardır.