Livanın Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri İsrailin atəşə tutması və bombalaması nəticəsində ölənlər haqqında məlumatları yeniləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad Beyrutda keçirdiyi mətbuat konfransında qeyd edib.
O, İsrailin hücumları nəticəsində ölənlərin sayının 4047, yaralananların sayının isə 16 min 593 nəfər olduğunu bildirib.
“Bu ilin 15 sentyabrından Beyrut və digər şəhərlərin intensiv atəşə tutulması və bombalanması nəticəsində ölənlərin sayı 645-dən 3402-yə, yaralananların sayı isə 1983-dən 14 min 655-ə yüksəlib”, - deyə Abyad bildirib.
O, həmçinin qeyd edib ki, verdiyi məlumat son deyil. Çünki uçmuş evlərin altında ölənlərin cəsədləri var.
Xatırladaq ki, noyabrın 27-də ABŞ-Fransa təşəbbüsünə uyğun olaraq İsrail və Livan arasında atəşkəs razılaşması qüvvəyə minib. Sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşdirilməsini nəzərdə tutur. Öz növbəsində, İsrail tədricən (60 günə qədər müddət ərzində) qoşunlarını Livan ərazisindən çıxarmalıdır.