Macarıstan ABŞ-dən “Qazprombank”a tətbiq edilən sanksiyanı götürməsini xahiş edib.
Yeniavaz.com xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsseldə NATO ölkələrinin diplomatik departament rəhbərlərinin görüşü çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenlə bu mövzuda söhbət etdiyini bildirib.
“ABŞ dövlət katibinə dedim ki, biz ABŞ-nin müvafiq orqanlarına təbii qaz üçün ödənişlər edərkən “Qazprombank”a qarşı sanksiyalardan istisna edilməsi barədə sorğu göndərmişik, çünki eyni istisna Birləşmiş Ştatlara uran tədarükü üçün ödəniş zamanı bir sıra Rusiya banklarına edilir”, - Siyarto NATO xarici işlər nazirlərinin görüşündən sonra Brüsseldə macar jurnalistlərlə görüşündə qeyd edib.
Qeyd edək ki, Macarıstan qazın əsas hissəsini hələ də “Qazprom” ilə uzunmüddətli müqavilələr əsasında Rusiyadan alır. 2022-ci ildə “Türk axını” boru kəməri və onun Bolqarıstan və Serbiya ərazisindən keçən qolları ilə ölkəyə 4,8 milyard kubmetr yanacaq daxil olub. Macarıstan məlumatlarına görə, 2023-cü ildə bu rəqəm 5,6 milyard kubmetrə qədər artıb.