![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/4/5/1/88c82949-421c-4435-ab1c-6cc30f87faf2/ilham-eliyev-emomeli-rehmon-5.jpg)
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Yeniavaz.com xəbər verir ki, telefon söhbəti zamanı Prezident Emoməli Rəhmon COP29-un uğurlu təşkilinə görə təbriklərini çatdırıb və onun nəticələrinin qlobal iqlim gündəliyinin irəli aparılması baxımından vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, Emoməli Rəhmonun COP29-un Liderlər Sammitində iştirakını və bütövlükdə Tacikistan nümayəndə heyətinin müzakirələrə fəal töhfə verdiyini məmnuniyyətlə qeyd edib.
Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid olan aktual məsələlər, həmçinin Tacikistanın MDB-də qarşıdan gələn sədrliyi çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.