Cənubi Koreya prezidenti niyə birdən hərbi vəziyyət elan etdi? – Səbəblər


Artan siyasi təzyiqlər fonunda Cənubi Koreya Prezidenti Yun Suk Yol demokratik ölkədə 50 ildən artıq müddətdə ilk dəfə hərbi vəziyyət elan edib. Bir neçə saat sonra o, parlamentin hərbi vəziyyəti etibarsız elan etməsindən sonra Yun Suk Yol geri addım atıb və hərbi vəziyyəti ləğv edəcəyini açıqlayıb.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə 18:00) dövlət televiziyası hərbi vəziyyətin elan edilməsinə səbəb kimi təhlükəsizlik və Şimali Koreyadan gələ biləcək təhdidləri göstərsə də, tezliklə ortaya çıxıb ki, əsl səbəb prezidentin fəaliyyətinə yaradılan siyasi maneələrdir.
Siyasi şərhçilər bildirirlər ki, prezident ona qarşı siyasi hücumların qarşısını almaq üçün hərbi vəziyyət elan etməyə qərar verib.
Lakin hərbi vəziyyət qəfildən parlament qarşısında nümayişlərə səbəb olub və bir neçə saat ərzində deputatlar qərarın qanunsuz olduğunu bildirərək əleyhinə səs veriblər.

Nə baş verdi?
Prezident Yun çıxışında müxalifətin təzyiqinə toxunaraq, “xaos yaradan dövlət əleyhinə qüvvələri əzmək üçün” hərbi vəziyyət elan etdiyini bildirirdi.
Qərarla Cənubi Koreya ordusuna müvəqqəti səlahiyyət verildi. Ardınca isə parlamentə polis və əsgərlər göndərildi, hətta parlament binasının damına vertolyotların endiyi müşahidə olundu.
Hərbçilər həmçinin bəyanat yaydılar ki, parlament qarşısında baş tuta biləcək hər hansı piket, nümayiş və aksiya qadağan olunur, bütün siyasi partiyalar isə ləğv olunur. Media da ordunun nəzarətinə keçəcəkdi.
Lakin Cənubi Koreya müxalifəti dərhal Yunun hərbi vəziyyət elan etməsini qanunsuz və konstitusiyaya zidd elan etdi. Yunun öz partiyası olan mühafizəkar Xalq Gücü Partiyasının lideri də hərbi vəziyyəti “yanlış addım” kimi qiymətləndirdi.
Bu arada müxalifət lideri Li Ya-munq rəhbərlik etdiyi Demokrat Partiyasından olan qanunvericiləri parlamentə toplaşaraq qərarın əleyhinə səs verməyə çağırdı.
O, həmçinin ictimaiyyəti parlament binası qarşısında aksiya keçirməyə çağırdı.
“Tanklar, zirehli transportyorlar, əlində silah və bıçaq olan əsgərlər ölkəni idarə edəcək. Əziz vətəndaşlarım, xahiş edirəm Milli Assambleyaya gəlin”, - Li çağırışında qeyd edirdi.
Yüzlərlə insan bu çağırışa qulaq asaraq, ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü parlament binasının qarşısına toplaşdı. Etirazçılar “Hərbi vəziyyətə yox!” şüarları səsləndirirdilər.
Etiraz edənlərlə təhlükəsizlik qüvvələri arasında kiçik həcmli çaxnaşmalar yaşansa da, xeyli sayda əsgərin olmasına baxmayaraq gərginlik ciddi qarşıdurmaya çevrilmədi.
Millət vəkilləri isə təhlükəsizlik qüvvələrinin yaratdığı barrikadaları aşaraq parlamentin zalına daxil ola biliblər. Yerli vaxtla gecə saat 01:00-da (Bakı vaxtı ilə 20:00) 300 deputatdan 190-ı parlamentdə toplaşıb və hərbi vəziyyətin ləğv olunmasına səs veriblər. Bununla da Prezident Yunun elan etdiyi hərbi vəziyyət etibarlılığını itirib.

Hərbi vəziyyət qərarı niyə ciddi reaksiyaya səbəb oldu?
Cənubi Koreyada hərbi vəziyyət sonuncu dəfə 1979-cu ildə, ölkəni uzun müddət idarə edən hərbi diktator Park Çunq-xi dövlət çevrilişi zamanı öldürüləndə elan edilib.
1987-ci ildə parlament respublikasına keçiddən sonra ölkədə heç bir hərbi vəziyyət qərarı qəbul edilməyib.
Lakin ötən axşam Yun gözlənilməzi edib və xalqa müraciətində Cənubi Koreyanı “dövlət əleyhinə olan qüvvələrdən” qorumağa çalışdığını söyləyib.
Şimali Koreyaya qarşı sələflərindən nəzərəçarpacaq dərəcədə sərt mövqe tutan Yun, siyasi müxalifəti Şimali Koreyaya rəğbət bəsləyənlər kimi xarakterizə etsə də, heç bir sübut təqdim etməyib.
Cənubi Koreyada hərbi vəziyyət zamanı orduya daha geniş səlahiyyətlər verilir və çox vaxt vətəndaşların hüquq və azadlqlarına ciddi maneələr yaradılır.

Müxalifət Yunu niyə sıxışdırır?
Yun 2022-ci ilin mayında vəzifəyə seçilib, lakin aprel ayında keçirilən referendumda parlamentdə müxalifətin böyük qələbə qazanmasından sonra səlahiyyətlərinin çoxunu itirib. O vaxtdan bəri onun hökuməti istədiyi qanunları qəbul edə bilməyib və yalnız müxalifətin qəbul etdiyi qanunlara veto qoyub.
Adı bəzi korrupsiya qalmaqallarında hallanan Yuna ictimai dəstək də azalıb. Korrupsiya qalmaqallarına birinci xanımın hədiyyə olaraq “Dior” markalı çanta qəbul etməsi, həmçinin birjada yaradılan manipulyasiya daxildir.
Keçən həftə Yun üzr istəmək və birinci xanımın fəaliyyətinə nəzarət edəcək komissiyanın yaradıldığını bəyan etmək üçün efirə çıxmalı olub. Lakin o, müxalifət partiyalarının tələbi ilə daha əhatəli araşdırmadan imtina edib.
Daha sonra müxalifət hökumətin büdcəsini azaldacaq qanun layihəsini irəli sürüb, hansı ki Cənubi Koreya konstitusiyası prezidentin büdcə qanunlarına veto qoymasını qadağan edir.
Müxalifət həmçinin Nazirlət Kabinetinin üzvlərinin və bəzi yüksək rütbəli prokurorların vəzifədən azad edilməsi üçün hərəkətə keçib. Onların arasında birinci xanımla bağlı araşdırma aparmayan hökumətin nəzarət qurumunun rəhbəri də olub.

Növbəti mərhələdə nə baş verə bilər?
Cənubi Koreya qanunlarına görə, parlamentin əksəriyyəti hərbi vəziyyətin ləğvinə səs verərsə, hökumət buna əməl etməlidir.
Eyni qanun hərbi vəziyyət zamanı parlament üzvlərini həbs etməyi də qadağan edir. Hərçənd, Yun da parlamentdəki səsvermədən bir neçə saat sonra hərbi vəziyyət qərarını geri götürməli oldu.
Hazırda nə olacağı bəlli deyil. Parlamentin qarşısına toplaşan bəzi fəallar “Yun Suk Yol həbs edilməlidir” kimi şüarlar da səsləndiriblər.
Lakin Yunun tələsik  verdiyi qərar dünyanın diktatura dövründən sonra müasir demokratiyaya çevrilmiş bir ölkə kimi tanıdığı Cənubi Koreyada şok təsiri yaradıb.
Bu ölkədə hərbi vəziyyət onilliklər ərzində demokratik cəmiyyət üçün ən böyük təhdid kimi qəbul edilir.
Parlament sədri də “Demokratiyanı xalqla birlikdə qoruyacağıq” deyə bəyanat verib.

DİGƏR XƏBƏRLƏR

Top