
2023-cü ildə Avropa İttifaqında (Aİ) doğulan uşaqların sayı 3 milyon 655 min nəfər təşkil edib.
Yeniavaz.com Britaniyanın Financial Times (FT) qəzetinə istinadla xəbər verir ki, bu barədə “Eurostat” Avropa Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, bu rəqəm 1961-ci ildə məlumatların toplanmasının başlanğıcından bəri ən aşağı göstəricidir.
Belə ki, bundan əvvəl 2023-cü ildə Aİ-də doğum səviyyəsinin 4 milyon uşaq səviyyəsində olacağı proqnozlaşdırılırdı. Bununla belə, bu rəqəm daha aşağı olub və əvvəlki illə müqayisədə 5,5% azalıb.
Qeyd olunur ki, Aİ ölkələrində ən yüksək doğum göstəriciləri 1960-cı illərdə qeydə alınıb. O zaman ildə 7 milyona yaxın uşaq doğulub.
Qəzet vurğulayır ki, Avropada aşağı doğum göstəriciləri əmək qabiliyyətli əhalinin sayı azaldıqca, sağlamlıq və pensiya xərcləri artdıqca hökumət büdcəsinin yükünü artıracaq.
“Eurostat”ın məlumatına görə, uşaqların sayında azalma tendensiyası ən çox Baltikyanı ölkələrdə, Yunanıstanda, İspaniyada, İtaliyada, Polşada və Finlandiyada özünü göstərir. Burada son on ildə doğulanların sayında ən azı dörddə bir azalma olub.